Dələduzluq yolu ilə ​3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərdən biri məhkəməyə gəlməyib

Dələduzluq yolu ilə ​3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərdən biri məhkəməyə gəlməyib Proses avqustun 9-na təxirə salınıb
Hadisə
2 Avqust , 2016 17:00
Dələduzluq yolu ilə ​3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərdən biri məhkəməyə gəlməyib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınmasına səbəb təqsirləndirilən şəxs T.Qasımovun məhkəyə gəlməməsi olub.

Məhkəmədə elan olunub ki, ev dustaqlığında olan T.Qasımovun səhhətində problem olduğu üçün məhkəməyə gələ bilməyib.

Proses avqustun 9-na təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi