Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Report"a DSK-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, avqustun 23-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 ədəd, avqustun 30-da isə rayonunun Dəmirtəpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.
Bundan əlavə, avqustun 30-da Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycanda qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstanda qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.