Bakıda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Məhəmmədəli Məhəmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əhməd Quliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında baş verib.
Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Cəbrayıl rayon sakini, 1989-cu il təvəllüdlü Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində beş bıçaq xəsarəti yetirilib.
Araşdırma zamanı hadisəni zərərçəkənin həmyerlisi, 18 yaşlı Məhəmmədəli Zamin oğlu Məhəmmədzadə tərəfindən törədildiyi məlum olub.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.