Yuxarı

"Neftçi" "Qəbələ" səfərində, "Keşlə" "Zirə"ni qəbul edir - AFİŞA

XVIII tur Qəbələdə start götürür

131

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

İkinci pillədə qərarlaşan "Neftçi" səfərdə autsayder "Qəbələ"nin qonağı olacaq. Hazırda "ağ-qaralar"ın 30, "qırmızı-qaralar"ın isə 13 xalı var. Paytaxt təmsilçisi ilk iki dövrədə keçirilmiş oyunların hər birində rəqibinə böyük hesabla qalib gəlib. Qəbələdəki matçda 3:0 hesablı qələbə qazanan "Neftçi" Bakıda oynanılan son qarşılaşmada da 3 xala sevinib - 4:1.
Komandalar indiyədək çempionatda 46 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 16-da "Qəbələ", 21-də "Neftçi" üstün olub. 9 oyun isə heç-heçə yekunlaşıb. Top fərqi də "Neftçi"nin xeyirinədir - 65:58. Flaqman 11 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son üç matçda 3 və ya daha çox qol vuraraq qalib gəlib.
Günün digər matçında "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edəcək. Hər iki komanda son iki turda məğlub olub. Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv 26 xalla 3-cü, "qartallar" isə 20 xalla 5-cidir. Birinci dövrədə "Keşlə" rəqibini 2:0 hesabı ilə məğlub edibsə, ikinci dövrədəki görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 3:1.
Rəqiblər Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Hər iki komanda eyni sayda - 5 dəfə qələbə sevinci yaşayıb. 8 matçda isə qalib müəyyənləşməyib. Topların fərqində "Zirə" öndədir - 20:18. "Keşlə" son 3 matçda meydandan qolsuz ayrılmayıb. "Zirə" isə son 4 səfərdə qol buraxıb.
Azərbaycan Premyer Liqası, XVIII tur
22 fevral (şənbə)
15:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
17:00. “Keşlə” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena"
Qeyd edək ki, XVIII tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi