Yuxarı
    Bağlamaq

    Vüqar Nadirov: "Səbail"in hədəfi yüksək pillələri tutmaqdır"

    Bu səbəbdən Qarabağdan ayrıldım

    Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı “Səbail” klubunun yeni futbolçusu Vüqar Nadirovun “Report”a müsahibəsi.

    - “Sumqayıt”la yoxlama oyununuz (2:2) barədə nə deyə bilərsiniz?

    - Matç normal keçdi, komandamız 10 gündür təlim-məşq toplanışındadır. Yeni oyunçular var, hərə bir tərəfdən gəlib. Bir-birimizə öyrəşməmişik. Tədricən öz oyunumuzu tapacağıq.

    - Heyətiniz əsasən gənc futbolçulardan təşkil olunub. Onların arasında siz özünüzü necə hiss edirsiniz?

    - Özümü onların arasında gənc kimi hiss edirəm. Hazırda toplanış dövrüdür, bir az yüklənmələr var. Tam hazır deyilik. Hamı eyni səviyyədə ola bilməz. İrəlidə daha yaxşı olacağıq. Elə mən də yavaş-yavaş formaya düşəcəyəm.

    - 90 dəqiqə oynamağa hazırsan?

    - Bəli, oynaya bilərəm. Təlim-məşq toplanışından sonra hamımız tam hazır olacağıq.

    - “Səbail” rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?

    - “Çempion olacağıq” deməyiblər. Komandanın hədəfi yüksək pillələri tutmaqdır. “Səbail”in yüksəkdə olması üçün əlimizdən gələni edəcəyik.

    - “Qarabağ”dan gedişinizi necə izah edərdiniz?

    - Qurban Qurbanovla söhbətimiz oldu, halallaşdıq, ayrıldım. Çox vaxt əvəzedici heyətdə oynayır, əsas heyətə düşmürdüm. Bu səbəbdən "Qarabağ"dan ayrıldım. Oynamaq lazımdır.

    - Axı, baş məşqçi sizi əsas komandaya cəlb etmişdi...

    - Bilirəm, 1-2 oyun oynadım.

    - Oyunun özünüzü razı salırdı?

    - Əvəzedicidə yaxşı idim, qollar vururdum. Əsas heyətdə 2-3 matçda da meydana çıxsaydım, yaxşı olardı.

    - Yəni, oyun praktikası lazım idi?

    - Bəli, gör neçə vaxdır oynamırdım.

    - Sizcə Qurban Qurbanov niyə əsas komandada çox şans vermirdi?

    - Nə bilim, yəqin, oyunçuların çoxluğuna görə.

    - Futbolçularımızda belə bir deyim var: mən heç kimdən zəif deyiləm...

    - Xeyr, məndə elə şey, dikbaşlıq yoxdur. Hər zaman məşqçinin verdiyi tapşırığı yerinə yetirməyə çalışıram. Yekəxana deyiləm.

    - Qurban Qurbanovun hücum xəttində meydana buraxdığı oyunçular sizdən bu qədərmi üstün idilər?

    - Üstün deməzdim, komandada çoxdan yox idim. Getmişdim, sonradan qayıtdım. Bəlkə bu amil olar.

    - İyunun 11-də “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstan təmsilçisi “Samtredia” ilə oyunu var. Keçmiş komandanızdan nə gözləyirsiniz?

    - “Qarabağ” heç bir komandaya yuxarıdan aşağı baxmır, həmişə rəqibi sayır. Mənə elə gəlir ki, sevinən tərəf sabiq klubum olacaq.

    - “Qarabağ”ın hazırda ön xətt futbolçuları baxımından sıxıntısı var...

    - Niyə ki? Mahir Mədətov, Ağabala Ramazanov, Dino Nlovu var. Yəni, öndə çıxış edəcək oyunçu çoxdur. Onlar komandaya kifayət qədər kömək edəcəklər. Lakin növbəti mərhələ üçün yeni futbolçulara ehtiyac var. Çünki rəqib daha güclü olacaq. Yəqin ki, özləri oyunçu götürməyi fikirləşərlər.

    - “Qarabağ” yeni qapıçı gətirib, üstəlik, mərkəz müdafiəçi transfer etməyə hazırlaşır. Sizcə indiki halda daha çox hücumçu lazım deyil?

    - Əlbəttə, daha vacib olan hücumçudur. Lakin buna məşqçi qərar verir. Biz nə deyə bilərik ki?! Yəqin, nə vaxtsa hücumçu götürəcəklər.

    - Rəşad Sadıqov barəsində nə fikirləşirsiniz?

    - Rəşad neçə ildir aparıcı klublarda çıxış edir, millinin kapitanıdır. Çox təcrübəli oyunçudur. Gücü var ki, oynayır da.

    - Sadıqov baş məqşçisi olduğu “Qarabağ”ın U-19 komandasını UEFA Gənclər Liqasına hazırlasa yaxşı olar, yoxsa özü oynasa?

    - Rəşadda liderlik xüsusiyyəti var. Bu amilə görə də oynayır. Həm komandanı bir yerə yığır, həm özü yaxşı oynayır. Necə edəcəyini bilmirəm.

    - Düşünmürsüz ki, Sadıqov artıq qərar verməlidir: ya oynamaq, ya da məşqçilik?

    - Özündən asılıdır. Nə vaxtsa qərar verəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi