Yuxarı

​Vəli Qasımov: "Mən "Neftçi"yə baş məşqçi yox, idman direktoru kimi gəlmişəm"

Neftçi futbol klubunun idman direktoru: Uşaqların təcrübəsi çatmır

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun idman direktoru Vəli Qasımov bu gün komandadakı durumla bağlı açıqlamalar verib. 

"Report"un məlumatına görə, veteran futbolçu komandanın nəticələrinin qeyri-qənaətbəxş olmasının səbəblərini açıqlayıb.

Mövsümün əvvəlində gənclərdən ibarət heyət qurduqlarını deyən V.Qasımov onlardan ən təcrübəlilərini cəlb etdiklərini bildirib: "Onları yoldaşlıq görüşləri, Avrokubok oyunlarında da sınaqdan keçirdik. Gördük ki, potensialları var. Problem nəticədədir. 10 oyun keçirmişik. Çoxunu yaxşı oynamışıq. Bəzi epizodlarda hakim səhvləri olub. Samir Əliyevlə də tez-tez danışırıq. Komandada təcrübə çatışmır, əsas da baş məşqçinin. O, gənc məşqçidir, xırda-para səhvləri olub. Amma biz ona dəstək oluruq. İnanırıq ki, gələcəkdə bu vəziyyət düzələcək. 10 oyunda qırmızı vərəqələrimiz olub. Bunun da üzərində işləyirik".

V.Qasımov hazırda "Neftçi"də psixoloji durumun qaydasında olmadığını etiraf edib. Onun sözlərinə görə, futbolçular oyuna çıxanda elə bilirlər ki, axırıncı matçdır: Bir insan oyuna əsəbi çıxdısa, onda alınmır. “İnter”lə qarşılaşmada da hiss edirdik ki, komandamız sona qədər qapısından qol buraxacaq, elə də oldu. Bu da təcrübəsizlikdən irəli gəlir. Oyun baxımından isə komanda pis təsir bağışlamır. Legionerləri gətirib, gənc yerli oyunçularımızı çıxarsaq, onda futbolumuzun axırı necə olacaq? Gənclərimizin səhvləri olsa da, getdikcə artırırlar. İnanıram ki, onlar gələcəkdə Azərbaycanın ulduzları ola bilərlər".

Klub rəsmisi digər problemin oyunlara köklənmə sarıdan olduğunu vurğulayıb. O, misal kimi, "Neftçi"nin AZAL-la Premyer Liqanın IX turuna çox arxayın çıxmasını göstərib: "Komandamız bu oyuna çox rahat çıxmışdı. İkinci hissədə isə yığışdılar, göstərdilər ki, futbol oynaya bilirlər. Uşaqların təcrübəsi çatmır. Oyunçularda keyfiyyət var, amma oyuna köklənmə həmişə eyni olmur. İstəyirik ki, baş məşqçinin təcrübəsi artsın. Bu, Azərbaycan futbolunun xeyrinədir. Xarici məşqçi gətirmək asandır. Hamı bilir ki, əcnəbilər necə işləyir. Gələn kimi öz tələblərini yerinə yetirəcək, onda da azərbaycanlı futbolçular kənarda qalacaq".

V.Qasımov deyib ki, heyətə görə, "Neftçi"dən yalnız “Qarabağ” və “Qəbələ” üstündür: "Deməzdim ki, o biri komandalardan zəifik. Əksinə, oyunçu potensialı baxımından güclüyük. Uşaqlar “Qarabağ”la oyunda da öz səviyyələrini göstərə bilmişdilər. Transfer siyasəti düzgün aparılıb. Sadəcə, qol vurmayanda komandada psixoloji problem yaranır. Gətirdiyimiz legionerlərin səviyyəsi əslində yüksəkdir. Hazırda bazamız tikilir. Büdcəmiz keçən ilə baxanda azalıb. İndi elə oyunçular seçmişik ki, maaşları o qədər də yüksək deyil. Razıyam ki, bəzi futbolçular özlərini doğrulda bilmirlər. Aylton da hələ stabil oyun göstərmir. Məşqlərdə çox çalışırlar, amma oyun epizodlarında hirsli olurlar. Nəticə olmayanda futbolçuda əsəb yaranır".

Bu yerdə "Neftçi" rəsmisinə "Ucuz ətin şorbası ucuz olar" məsəli xatırladılıb. V.Qasımov isə qeyd edib ki, hər futbolçunun öz qiyməti, Azərbaycan Premyer Liqasının isə özünəməxsus xüsusiyyətləri var: "Tutaq ki, sabah Lionel Messini gətirdik. Heç kim bilmir ki, Messi gəlib Azərbaycan çempionatında ardıcıl 5 oyunu da yaxşı keçirəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi