​"Simurq" rəsmisi komandanın dağılacağına dair xəbərlərə münasibət bildirib

​"Simurq" rəsmisi komandanın dağılacağına dair xəbərlərə münasibət bildirib "Ağsaqqal olaraq onların qarşısında baş əyirəm"
Futbol
1 May , 2015 11:50
​Simurq rəsmisi komandanın dağılacağına dair xəbərlərə münasibət bildirib

Bakı. 1 may. REPORT.AZ/ "Komanda üzvləri ilə iclas keçirdik və bildirdik ki, mövsümün sonunadək maaşlar ödənilməyəcək". Bunu "Report"a açıqlamasında Zaqatalanın "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev deyib.

Klubda yaranan maddi problemlərdən danışan icraçı direktor getmək istəyən futbolçuları komandada saxlamayacaqlarını bildirib: "İclasda futbolçulara dedik ki, kim istəsə gedə bilər. Açıq söhbət oldu. Onlar da mövsüm sonunadək komandada qalacaqlarını bildirdilər. Öz köməklərini "Simurq"dan əsirgəmədilər. Baxmayaraq ki, futbolçular mart-aprel aylarının maaşlarını hələ almayıblar. Ağsaqqal olaraq onların qarşısında baş əyirəm. Aldadılası, gizlədiləsi bir şey yoxdur".

Klub rəsmisi baş məşqçi Georgi Çixradzenin də hələlik komandada qalacağını deyib. Onun sözlərinə görə, hansı futbolçu getmək istəsə, transfer vərəqi veriləcək: "Hətta bəzi futbolçular növbəti mövsümdə də komandada qalacağını, vəziyyətin düzələcəyinə ümid etdiklərini bildiriblər. Bəlkə də kubokda yolumuza davam etsəydik, Avropa Liqasına vəsiqə qazansaydıq, belə olmazdı. Zaqatalanı 6 ballıq zəlzələ yıxa bilmədi (2012 və 2014-cü illərdə Zaqatalada 6 bal gücündə zəlzələ olmuşdu - red), amma onun klubunu hakim haqsızlıqları yıxdı. "Qarabağ"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda təmiz qolumuzu saymadılar və yolumuzu kəsdilər".

V.Əliyev yalnız komandanın yarımmüdafiəçisi Benjamin Lambotla yolların ayrılacağını deyib: "Lambot ailə məsələləri səbəbindən Belçikaya qayıdacaq. O, vətəninə gedəcəyini əvvəlcədən bildirmişdi".

Qeyd edək ki, hazırda turnir cədvəlinin 5-ci pilləsində olan "Simurq" Azərbaycan Premyer Liqasının XXXII turunda "İnter"lə oyunda xal itirəcəyi halda, avrokubok şanslarını tam itirəcək.

Son xəbərlər

Orphus sistemi