UEFA "Liverpul"un futbolçusunu 4 oyunluq cəzalandırıb

UEFA "Liverpul"un futbolçusunu 4 oyunluq cəzalandırıb Lazar Markoviç "Beşiktaş"la matçları buraxacaq
Futbol
18 Fevral , 2015 10:03
UEFA Liverpulun futbolçusunu 4 oyunluq cəzalandırıb

Bakı.18 fevral. REPORT.AZ/ UEFA İngiltərənin "Liverpul" klubunun futbolçusu Lazar Markoviçi 4 oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, buna 21 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhələsində İsveçrə "Bazel"i ilə oyun zamanı qırmızı vərəqə alması səbəb olub.

Serbiyalı forvard meydana girdikdən 15 dəqiqə sonra rəqib futbolçu Behranq Safariyə qarşı kobud oynayıb. Bu, Markoviçin avrokuboklarda ikinci cəzası olub. O, ötən mövsüm Portuqaliya "Benfika"sında forma geyindiyi vaxt da Avropa Liqasının yarımfinal görüşündə qırmızı vərəqə almışdı. Həmin vaxt UEFA İntizam Komitəsi futbolçunu 1 oyunluq cəzaya məruz qoymuş, yenidən eyni hərəkət təkrarlanacağı halda, daha bir oyunluq diskvalifikasiyanın növbəti cəza müddətinə əlavə olunacağını bildirmişdi. Ona görə də Markoviçin "Bazel"lə matçdakı davranışı ilə əlaqədar 3 oyunluq cəzasına daha 1-i əlavə edilib.

Qeyd edək ki, Lazar Markoviç Avropa Liqasında 1/16 final mərhələsinin Türkiyə "Beşiktaş"ı ilə hər iki qarşılaşmasını buraxacaq. İlk oyun fevralın 19-da "Enfild Roud"da, cavab matçı fevralın 26-da Atatürk Olimpiya stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi