Yuxarı

​Tuyqun Nadirov: "FİFPro rəsmisinin FİFA-da hakim kimi "Xəzər Lənkəran" əleyhinə qərar verməsi absurddur"

Futbolçunun pulunu verib evə yola salırsan, gedib FİFA-ya şikayət edir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun "Report"a müsahibəsi:

- Azərbaycan Premyer Liqasının son turunda "Qəbələ"yə 0:6 hesabı ilə məğlub oldunuz. Bunu komandadakı durumun yaşıl meydanda əyani ifadəsi kimi dəyərləndirmək olar?

- Komanda ilə bağlı vəziyyəti hamımız bilirik. "Xəzər Lənkəran" yanvardan yeniyetmə futbolçularla oynayır. Mən bu futbolçulara gənc də demirəm, onlar yeniyetmədir. Lider komandalar var ki, onlarla başabaş oynayıb xal almışıq. Düzdür, son turda "Qəbələ"yə böyük hesabla məğlub olduq. Bunun üçün təəssüf hissi keçiririk. Ancaq nəzərə almaq lazımdır ki, bu gün Avropanın aparıcı klubları da böyük hesabla məğlub olur və qalib gəlir. "Xəzər Lənkəran" turnir cədvəlinin ilk pillələrində olan vaxtlarda da udub və uduzub. Məğlub olsaq da, komandaya dəstəyi əsirgəməməliyik. Azarkeşlər də komandanın yanında olmalıdırlar. Biz bu çətinlikdən yalnız birgə çıxa bilərik. Bütün gücümüzü ortaya qoyub, FİFA-nın qərarının düzgün olmadığını sübut etməyə çalışırıq. İnanıram ki, buna da nail olacağıq. "Xəzər Lənkəran" Azərbaycan çempionatı tarixində belə böyük hesabla uduzmayıb. Amma rəhbərlik olaraq baş məşqçi və komandanın yanındayıq.

- Uğursuz nəticələrdə FİFA-nın klubunuza tətbiq etdiyi transfer qadağasının təsiri nə dərəcədə özünü büruzə verir?

- FİFA həmişə futbolçuların tərəfini tutur. Hətta elə olur ki, futbolçunun pulunu verib evə yola salırsan, sonradan gedib meneceri və ya digər şəxs vasitəsilə FİFA-ya şikayət edir, klublara qarşı haqsızlığa yol verirlər. Dəfələrlə olub ki, FİFA-nın çıxardığı qərarı biz İdman Arbitraj Məhkəməsində (CAS - R.Ə.) ləğv etdirmişik. İkincisi, necə ola bilər ki, futbolçu təzminat iddiası qaldırır və biz bu məhkəməni uduruq, heç bir pul vermirik, amma sonradan kluba qarşı sanksiya tətbiq edirlər. Bu sanksiya da absurddur. Digər tərəfdən, sanksiyanın müddəti 31 avqustda başa çatır, biz isə transferlər edib, heyəti qururuq. Lakin çempionluğa oynayan komandanın birdən-birə transferləri meydana çıxa bilmir. FİFA-da oturan hörmətli şəxslərin kefi istəmir ki, klub rahat işini görsün, transferini etsin və nəticədə belə vəziyyət alınır.

- Amma baş məşqçi Yunis Hüseynov elə "Report"a açıqlamasında bildirib ki, əvvəlki oyunlarla müqayisədə "Qəbələ" ilə qarşılaşmada "Xəzər Lənkəran"da mübarizlik yox idi...

- Yunis müəllim dedi ki, təslim olublar? Onu vurğulamaq istəyirəm ki, gənc futbolçularla yanvardan bu yana oynayırıq. Bu dəfə alınmadı. Təbii ki, bir daha təkrarlanmamasından ötrü səbəblərini araşdırıb qarşısını almağa çalışacağıq. Hamımız bir yerdə toparlanıb, çətin vəziyyətdən çıxmalıyıq.

- Bəlkə bütün bu problemlər klubun büdcəsinin azaldılması səbəbindən ortaya çıxır?

- Bu gün "Xəzər Lənkəran"da bir problem var. O da FİFA-nın çıxardığı qərardır. Yayda yetərincə futbolçu transfer etdik və aparıcı futbolçular gətirdik. Ancaq FİFA-nın qəbul etdiyi qərarı hamı gördü. Bu yaxınlarda bir məsələni də qaldıracağıq. Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FİFPro) baş katibi Teo van Şeggelenin FİFA-da hakimlik etməsi absurd bir şeydir. "Xəzər Lənkəran"la futbolçunun məsələsinə FİFPro rəsmisi baxır. Bu necə ola bilər? Demirəm ki, o, qərəzli qərar verir. Sadəcə, necə ola bilər ki, futbolçu ilə klub arasındakı məsələyə FİFPro-nun baş katibi baxsın?

- CAS-ın qərarı nə vaxt açıqlanacaq?

- Hələ müddət verilir. CAS şikayətimizi qəbul etdi və müvafiq araşdırmalarla məşğuldurlar. Bir neçə gün ərzində bu araşdırma bitəcək. Biz özümüzün haqlı olduğumuza əminik. Çempionatdakı fasilə başa çatanadək cavab gələcək. İnanıram ki, nəticə bizim xeyrimizə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi