Yuxarı
    Bağlamaq

    Tuyqun Nadirov: "Üzərimə böyük məsuliyyət qoydular"

    “Mənə etimad göstərərək bu vəzifəni həvalə etdikləri üçün klublara minnətdaram”

    Bakı. 10 dekabr. REPORT.AZ/ “Mənə etimad göstərərək bu vəzifəni həvalə etdikləri üçün klublara minnətdaram”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Klublar Komitəsinin sədri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

    Onun fikrincə, sədr seçilməsi digər klub rəsmiləri ilə uzun müddətdir davam edən münasibətlərindən və “Xəzər Lənkəran” olaraq, digər klubların da maraqlarını əks etdirən bir çox təkliflər irəli sürmələrindən irəli gələ bilər: “Səsvermə nəticəsində məni seçdilər. Eyni zamanda üzərimə böyük məsuliyyət qoydular”.

    T.Nadirovun sözlərinə görə, Klublar Komitəsinin əsasnaməsi mükəmməl şəkildə olmalıdır. O bildirib ki, AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan ilkin əsasnamədə bəzi nüanslarla bağlı dəyişikliklər edilməlidir: “Elə bir əsasnamə olmalıdır ki, Klublar Komitəsinin daha da faydalı olmasını, sözünün kəsərliliyini əks etdirsin. Digər tərəfdən, komitənin Peşəkar Futbol Liqası ilə münasibətlərində aydınlıq olmalıdır, nizamlanmış şəkildə fəaliyyət göstərilməlidir. Təbii ki, biz AFFA-nın bir komitəsi kimi fəaliyyət göstəririk və ali futbol qurumlarının əsasnamələri ilə ziddiyyət yaratmamalıyıq. Eyni zamanda klublarımızın maraqlarını əks etdirən bir komitəyik. İndiyədək belə bir komitə yox idi”.

    Komitə sədri deyib ki, toplantıda bir sıra məsələlərə dair təkliflər irəli sürülüb. Bunlaran biri oyunların yayım məsələsi olub: “Yayımı peşəkar şəkildə həyata keçirmək lazımdır ki, azarkeşlər əziyyət çəkməsin, sevimli komandalarının oyununu izləyə bilsinlər. Bir mexanizm olsun və klub da bundan gəlir əldə etsin”.

    T.Nadirov qeyd edib ki, digər məsələ Topazla klublar arasındakı münasibətlə əlaqədar qaldırılıb: "Topaz mərc oyunlarında klubların adlarından istifadə edir və bunun müqabilində klublara ödəniş etməlidir. Daha bir məsələ isə klubların külli miqdarda vəsait xərcləyərək futbolçu yetişdirdikləri halda, həmin oyunçunun 17-18 yaşına çatanda çox asan yolla digər kluba keçməsi ilə bağlı oldu. Belə hallar futbolçu yetişdirməyə olan marağı aşağı salır. Ona görə də bir mexanizm fikirləşməliyik. Bir çox klublarda müqavilələr müxtəlif olur. Peşəkar, həvəskar və AFFA-ya təqdim olunmaq üçün müqavilələr bağlanılır. Belə məsələlər olduqda klub futbolçu üzərində mülkiyyət hüququ əldə edə bilmir. Nəticədə futbolçu min cür yolla başqa kluba keçir. Bu isə onu yetişdirən klubda maraq yaratmır və yekunda uşaq futbolunun inkişafına təsir göstərir. Belə problemlər bu yaxınlarda “Bakı” klubunda ortaya çıxmışdı, əvvəllər isə digər komandalarımızda yaşanmışdı. Ona görə də bu məsələnin sistemli, peşəkar həll yolu olmalıdır”.

    “Xəzər Lənkəran” rəsmisi bildirib ki, Klublar Komitəsinin digər komitələrdən fərqi klubların maraqlarını əks etdirən məsələlərin qəbul olunmasıdır. Həmin məsələlər isə Klublar Komitəsi üzvünün iştirakı ilə AFFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq və qəbul olunması üçün lobbi fəaliyyəti göstəriləcək: “İcraiyyə Komitəsində təmsil olunanlar Azərbaycan futbolunda məsuliyyət daşıyan insanlardır. Klublardan irəli gələn nə qədər ağıllı fikirlər olsa, İcraiyyə Komitəsi də onu qəbul edəcək. Bizim hüququmuz da var ki, Hakimlər Komitəsinin fəaliyyətindən narazılıq olduqda həmin komitənin sədri iclasımıza dəvət olunacaq və ondan hesabat tələb ediləcək. Bu statusu Klublar Komitəsinə AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri veriblər. Əsas məsələ budur və heç kim müdaxilə edə bilməz. Burada söhbət tək bir klubun haqqının tapdanmasından yox, ümumi fəaliyyətdən gedir”.

    Növbəti iclas dekabrın sonlarınadək təşkil olunacaq. Həmin toplantıda transfer pəncərəsi açılanadək həllini tapmalı olan məsələlər müzakirəyə çıxarılacaq. Ümumilikdə Klublar Komitəsi ayda bir dəfə yığışmağı qərara alıb. Təşkilati xərcləri AFFA çəkəcək. T.Nadirovun sözlərinə görə, qarşıdakı iclaslarda “Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlara qonaq komanda azarkeşlərinin buraxılmaması, teleyayım, hakimliyin ədalətli olması, bilet satışı, oyunların keçirildiyi stadionların hazırlıq səviyyəsi kimi qlobal məsələlər müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi