Yuxarı

"Sumqayıt" klubunun prezidenti: "Təvəkkül Məmmədov 10 min dollar ödəsin və getsin" - MÜSAHİBƏ

Bizim məşqçilər, menecerlər U-16 və U-21-də yer alan futbolçulara baxırlar

Antalya. 26 fevral. REPORT.AZ/ "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyevin "Report"a müsahibəsi

- Azərbaycan yığmalarının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı keçirdikləri yoldaşlıq görüşlərini izləyirsiniz. Artıq millidə "Sumqayıt"ın futbolçularını görmək olur. Gəlişiniz bu məqsədlədir?

- Bura gəlişim yeni futbolçularla bağlıdır. Bizim məşqçilər, menecerlər U-16 və U-21-də yer alan futbolçulara baxırlar. Sonra seçdikləri hər bir futbolçu ilə bağlı mənə təqdimat yazırlar. Mən də bu futbolçularla fürsət düşdükcə görüşüb, klubda görmək istədiyimizi bildirirəm. Yəni bu normal prosesdir və yeni futbolçuları cəlb etmək üçün gəlmişəm.

- Artıq diqqətinizdə kimlərsə var?

- Deyə bilmərəm. Çünki etik qaydalara ziddir, heç nə deyə bilmərəm.

- Son günlərin çox müzakirə olunan məsələsi Təvəkkül Məmmədovla bağlıdır. Müəyyən ittihamlar səsləndirir. Bu məsələyə aydınlıq gətirərdiniz. Deyilənə görə, Robert Prosineçkinin gəlişi səbəbindən Məmmədov heyətdən çıxarılıb və əvəzində Orxan meydana buraxılıb...

- İlk növbədə bunu bildirim ki, heyəti heç vaxt klubumuzda işləməyən məşqçinin xahişi, tapşırığı əsasında qurmuruq. Bunu demişik: bizim öz baş məşqçimiz var. Heç vaxt heç kimin təsiri altında olmasın deyə, baş məşqçi həmişə köməkçilərlə məsləhətləşib heyəti qurur. Qeyd etmək istərdim ki, Təvəkkül gənc futbolçudur. Sentyabrda U-21-ə cəlb olunmuşdu. Perspektivi vardı, bəlkə indi də var. Ancaq gənc olduğu üçün səhvlər edir. Biz də yaşda böyük olduğumuza görə gənclərə səhv etməmələri üçün məsləhətlərimiz olur. Məncə, o, axırıncı açıqlamalarla özü üçün böyük problem yaradıb. Bu barədə AFFA-nın da məlumatı var. Təvəkkülün dediyinə görə, hansısa futbolçu onun əvəzinə oynadılırsa, deməli, AFFA bu işə müdaxilə edir. Burada məsələ ikibaşlıdır. Həm "Sumqayıt", həm də AFFA-nın adı hallanır.

- Hansı tədbir görmək niyyətindəsiniz?

- Artıq futbolçu ilə bağlı şikayətimizi vermişik. İlk növbədə, şikayət futbolçunun xəbərsiz komandadan getməsi ilə bağlıdır. İkinci şikayət də olacaq ki, bu da böyük ehtimalla komandanın şərəf və ləyaqətinə ləkə salmaqdır. Çünki baş məşqçinin ünvanına bu cür sözlər demək yolverilməzdir.

- Elə isə proses necə baş verib?

- Fevralın 11-də "Bakı" ilə oyunumuz vardı. Həmişəki kimi məşqçilər heyət formalaşdırmışdı. Orada Təvəkkül Məmmədovun adı yox idi. Təvəkkül Orxan Əliyevin çıxış etməsini əsas milli komandanın baş məşqçisinin matçı izləməsi ilə əlaqələndirir. Amma futbolda olanlar başa düşür ki, Əliyev tam başqa mövqedə oynayan futbolçudur və heç vaxt Təvəkkül Məmmədovu əvəz edə bilməz. Mən səhəri gün Təvəkkülü ofisə dəvət etdim və soruşdum necə olub? Mənə dedi ki, belə söz deməmişəm. Ondan əvvəl Aqil Məmmədov futbolçu ilə söhbət etmişdi və şahidlər də vardı ki, Təvəkkül belə bir söz dediyini qəbul edib. Hətta etirazını bildirdiyini demişdi. Bu məsələ artıq mənim üstümə gəldi. Mən onunla görüşəndə sözlərində diqqətli olmağa çağırdım və futbolçuya durumundan narazılığını bildirdim. Təqribən 700 dəqiqə civarında oynayıb və cəmi bir qol ötürməsi var. Hücumameylli futbolçu üçün bu, pis statistikadır. Halbuki biz daha çoxunu gözləyirdik. Dedim ki, belə açıqlama verdiyini boynuna almırsansa, onda mətbuata çıx və təkzib et. Ən azından məşqçi səni yenidən söhbətə dəvət edə bilər, amma bu, klubun daxilində qalsın, söhbət bağlansın. Fevralın 13-də xəbər tutduq ki, o, əşyalarını toplayaraq Krasnodara gedib. Bu bizim üçün gözlənilməz oldu. Bir gün əvvəl əlimizi sıxmışdı ki, məsələ bitmiş hesab oluna bilər. Sadəcə anlaşılmazlıq olub.

- Təvəkkül Məmmədovun icazəsiz klubunuzu tərk etməsini nə ilə izah edərdiniz?

- O, müqaviləsinə hörmətlə, məsuliyyətlə yanaşmır. Buna nə ad verə bilərik? Xəbər tutduqdan bir neçə saat sonra əlaqə qurmağa çalışdıq, amma cavab verən olmadı. Həmin gün axşam qardaşı ilə əlaqə saxladıq. Çünki onun klubumuza gəlməyində əsas vasitəçi qardaşı olub. Qardaşı bizimlə normal danışdı, dedi ki, ola bilər, anlaşılmazlıq olub. Məsləhət gördüm ki, yolverilməz bir haldır və çalışarıq ki, cərimə tətbiq edək. Ondan sonra qayıtsın və çalışaq ki, məsələni yoluna qoyaq. Dedi ki, problem deyil. Ayın 13-dən gedir bu söhbət. Üstündən iki gün keçməsinə baxmayaraq heç bir xəbər çıxmadı. Ən azından iki gün ərzində bilet də olmasaydı, zəng edib deyə bilərdi. Çünki müqaviləsi var. Amma yenə də qayıtmadılar.

- Transferə çıxarılmasına səbəb bu oldu?

- Birinci dəfə hörmətsizlik edəndə deyərdik ki, səhvdir, amma ikinci dəfə saymamazlıqdır. Onunla əlaqə saxlayıb dedik ki, sən bizə lazım olmayacaqsan və səni transferə çıxarırıq ki, bu da normal qaydadır. Sənə 25 min dollar transfer qiyməti qoyuruq. Onu da qeyd edim ki, rəsmi olaraq onun transferi üçün 10 min dollar ödəmişik. Futbolçu özü gəlib pulu götürüb əvvəlki komandasına apardı.

- Əvvəlki klubu hansı idi?

- Səhv etmirəmsə, "Krasnodar"ın farm-klubu vardı. Böyük ehtimalla farm-klub olduğu üçün pullar Krasnadara ödənildi. Biz ona 25 min dollar pul dedik. Bu da normal haldır. Onlar düşündü, iki gündən sonra bizə zəng etdilər ki, yenə də səhv etmişik. Sonra qardaşı ilə yenidən danışdım və üzrxahlıq elədi. Biz yenə məşqçilər korpusu, baş menecerlə yığışdıq. Qərara gəldik ki, müqavilənin şərtlərini qarşılıqlı razılaşma əsasında dəyişək, əgər qayıtmaq istəyirsə. O, əvəzedici heyətə gələcək, orada olduğu müddətdə 1000 manat maaş yazılacaq. Əvvəlki maaşı 3250 dollar idi. Yəni biz ona təklif etdik ki, qayıtmaq istəyirsə, müqavilənin şərtlərini dəyişəcəyik. Ya da transferə çıxarılırsan və komandadan gedirsən. Onlar da bizə SMS yazdılar ki, "Allah sizdən razı olsun, biz qayıdırıq". Qardaşına yazdığım SMS-i də oxuyum: "Mən əlimdən gələni etdim, inanın ki, bunu mətbuata izah etmək çox çətindir". Qardaşının cavabı: "Allah sizdən razı olsun". Adı da Nicatdır və şərtlərlə razılaşdılar. Təvəkkül əvəzedici heyətə qatıldı və yeni müqaviləni təqdim etdik. İstəmirsə, transfer haqqı budur, pulu gətirsin və çıxıb getsin. İki dəfə sən klubu saymamısan. İki dəfə çağırandan sonra yox, pulu eşidəndə qayıdırsan. Qayıdandan sonra yenə də hoqqalardan çıxırsan. Bazar günü dedi ki, razı deyiləm. Biz də dedik ki, müqavilə zad lazım deyil. Biz ona 10 min dollar pul xərcləmişik. O, məbləği bizə versin, çıxsın getsin. Bizdən möhlət istədi ki, üç aya verək. Mən də dedim 1 ay olsun, 3 ay çoxdur. Dedim amma bunu notarial təsdiqlə rəsmi qaydada edək. Amma mən bura gələn kimi, eşitdim deyirlər ki, razılaşmırıq, əlimdə müqaviləm var və s. İndi özünüz fikirləşin kim haqlıdır? Mən AFFA-ya bu barədə şikayət edəcəyəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi