Bakı. 24 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubu futbolçu itkisi ilə üzləşib.
“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, fransalı müdafiəçi Jeremi Matyö zədə ilə əlaqədar “Sportinq”in Portuqaliya Primeyrasının V turunda “Braqa” ilə bu gün səfərdə keçirəcəkləri görüşün heyətindən çıxarılıb.
34 yaşlı oyunçu Avroliqanın ilk turunda evdə “Qarabağ”la oyunun 75-ci dəqiqəsində sol ayaq əzələsindən xəsarət alaraq, əvəzlənməli olub. Onun yaşıl meydanlardan 2-3 həftəyədək uzaq qalacağı gözlənilir. Matyönün yerinə braziliyalı mərkəz müdafiəçisi Marselo Ferreyra əlavə edilib.
Qeyd edək ki, Portuqaliya “Sportinq”inin heyətində Jeremi Matyüdən başqa qapıçı Emiliano Viviano, yarımmüdafiəçi Markus Vandel və hücumçu Bas Dost da zədədən əziyyət çəkir.
Manaf QASIMBƏYLİ