Samir Abasov: "Amil Yunanov və Bəxtiyar Həsənəlizadəni yığmaya düz edib çağırmırlar"

Samir Abasov: "Amil Yunanov və Bəxtiyar Həsənəlizadəni yığmaya düz edib çağırmırlar" "Onlarda çox şey çatışmır"
Futbol
28 Yanvar , 2018 18:58
Samir Abasov: Amil Yunanov və Bəxtiyar Həsənəlizadəni yığmaya düz edib çağırmırlar

Antalya. 28 yanvar. REPORT.AZ/ "Yoldaşlıq oyunlarının məzmununu bilirsiniz. Burada nəticə əsas deyil. Bu gün məqsədimiz səsimizi çıxarmamaq və bunun fonunda futbolçularımızın nə edəcəklərini görmək idi".

"Report" xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov Makedoniyanın "Akademiya Pandev" klubu ilə 1:1 başa çatan yoxlama matçından sonra Türkiyənin Antalya bölgəsinə ezam olunmuş jurnalistlərlə söhbətində deyib.

O, bildirib ki, rəhbərlik etdiyi kolleltiv ilk yarıda həddindən artıq ağır görünüb:

"İkinci hissədə açılışdılar. Fasilədə uşaqlara bu cür oyunların bizi çempionatda da gözlədiyini dedim. Uşaqların məşqçilərin göstərişi olmadan nə edəcəklərini görmək istəyirdik. Bəzən alınırdı, bəzən yox. Bəlkə də, bunu mətbuata deməyim düzgün deyil. Qapalı rəqiblərə qarşı çətinlik çəkirik. Bunun üzərində işləyəcəyik. Komandanın ümumi oyunu normaldır. Yükləməni Sumqayıtda alıb, bura oyunlara gəldik. İki gündən bir matçlarımız planlaşdırılıb. Artıq iki oyunumuz olub, ikisi isə qarşıdadır. Rusiya və Serbiya komandaları son ikisindən qat-qat güclü rəqiblərdir".

Bu gün hücumların tamamlanmasında problem vardı. Bu nədən irəli gəlir?

- Amil Yunanovun ağırlıq fonunda durumu bizi qane etmir. Onu da başa düşürəm. Oyunçularımız müxtəlif yığmalara dəvət alıblar. Bu səbəbdən hazırda heyətdə yer alanlara çox yük düşüb. Yunanov da onların içindədir. Bununla özümüzə bəraət qazandıra bilərik. Doğurdan da hücumlarda problem yaşayırıq.

Komandaya yeni futbolçunun cəlb olunması gözlənilmir?

- Xeyr. Oyunçu tapa bilmirik. Əfsuslar olsun ki, klublar heç kimi çıxarmırlar biz götürək (gülür).

Rəqiblərinizi izləmək imkanınız var?

- Rəqiblər hələlik kağız üzərində oyunçu yığmaq baxımından bizdən irəlidədirlər. Masa üzərində qalib gəlirlər. Amma söz harada deyilir? Meydançada. Dünən "Zirə"nin matçına baxdıq. Digər rəqiblər haqda da məlumat toplamağa çalışırıq. Faiz etibari ilə yüzə çatmasa da, çox məlumat toplamışam.

Çempionatda 4-cü yer uğrunda əsas rəqibiniz "Neftçi" keçirdiyi bütün yoxlama oyunlarını uduzub. Klub düşərgəsində xoşagəlməz hadisələr baş verir. Bunu görüb sevinirsiniz?

- O qədər də önəmli deyil. Bizim üçün ən qorxulusu "Keşlə" və "Kəpəz" olacaq. Çünki onlar haqda çox informasiya ala bilmirik. Kiminsə düşərgəsində mənfi hal baş verirsə, bunun bizə nə təsiri olduğunu bilmirəm. Təki meydançaya çıxanda onlarda neqativ olsun.

Futbolçularınız Amil Yunanovla Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılmaması müzakirələrə səbəb olub. Sizin mövqeyiniz necədir?

Düz edib çağırmırlar. Vaxtı çatanda, layiq olanda gedəcəklər.

Yunanovda nə çatışmır?

- Bu gün siz gördüyünüz. Çox şey çatışmır. Lakin Amil hədəflərə çatmaq üçün çalışır və bu cür davam etsə, milliyə də düşə biləcək.

Son xəbərlər

Orphus sistemi