Yuxarı
    Bağlamaq

    ​Ruslan Abışov: "Getdikcə hər şey daha da çətinləşir"

    Məncə, artıq bu vəziyyətdən çıxmağın vaxtıdır

    Bakı. 10 noyabr. REPORT.AZ/ "Qələbə qazanmaq istəyirdik. Bütün oyun üstünlüyümüz şəraitində keçdi. Yenə də hücum edən tərəf biz idik. Amma qol epizodlarından yararlana bilmədik. Məncə, artıq bu vəziyyətdən çıxmağın vaxtıdır. Getdikcə hər şey daha da çətinləşir. Amma inanırıq ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra hər şey bizim üçün yaxşı olacaq.

    "Report" xəbər verir ki, bu sözləri "Qəbələ"nin və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov noyabrın 9-da ölkə çempionatının 12-ci tur oyunundan sonra bildirib.

    Futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    Belə vəziyyətə düşməyinizin səbəbi nədir: Komandada nə çatışmır?

    - 90 dəqiqə hücumda oynayırıq. Nədənsə, qol vəziyyətlərindən yararlana bilmirik. Sanki komanda tilsimə düşüb, qol vurmaqda çətinlik çəkir. Məncə, psixoloji səddi keçmək lazımdır ki, qarşıdakı oyunlarda xal itirməyək.

    "Qəbələ"nin ardıcıl xal itkisi baş məşqçi Roman Qriqorçukun Ukrayna millisinə gedəcəyinə dair xəbərlər çıxandan sonra başladı. Belə söz-söhbətlərin komandanızın oyununa təsiri varmı?

    - Əvvəllər də bildirmişdim ki, heç birimiz o barədə fikirləşmirik. Baş məşqçimiz yanımızdadır, sonadək bizimlə birgədir. İnanıram ki, o, belə vəziyyətdə heç vaxt bizi qoyub getməyəcək.

    Sergey Zenyovun zədələnməsi oyununuza nə dərəcədə təsir etdi?

    - Əlbəttə, təsir etdi. Oyundan əvvəl hansı sistemlə oynayacağımız bilinirdi. Zenyovun vəzifəsi də məlum idi. Düzdür, Samir Zərgərov da yaxşı çıxış etdi. Deməzdim ki, Zenyovdan pis təsir bağışladı.

    Son 2 oyunda qollar buraxırsınız. Müdafiə xətti barədə nə deyərdiniz?

    - "Kəpəz"lə oyunda da əks-hücum nəticəsində qollar buraxmışdıq. Bugünkü görüşdə də rəqib bizi, demək olar ki, eyni vəziyyətdə yaxaladı. Amma futbolda belə şeylər olur. Əsas odur ki, səhvlərdən nəticə çıxaraq və qarşıdakı oyunlarda eyni hallara yol verməyək.

    Xal itkisini yorğunluqla əlaqələndirmək olar?

    - Deməzdim ki, yorğunluqla bağlıdır. Sadəcə, komanda üzərində psixoloji cəhətdən çətinlik var. Qol vurmaqda çətinlik çəkirik. Əvvəlcə bu səddi aşmaq lazımdır. Ardınca hər şey yoluna düşəcək.

    Azərbaycan millisindən danışaq. Moldova ilə yoldaşlıq görüşü Bakı Olimpiya Stadionuna təyin olunub. Məgər bu oyuna nə qədər tamaşaçı gələcək ki, belə iri tutumlu arenada keçirilməsinə qərar verilib?

    - Bakı Olimpiya Stadionunda oyun keçirmək yaxşı haldır. Amma bu barədə mənim fikir bildirməyim düzgün olmazdı. Artıq AFFA qərar verib. Hara təyin edilməsindən asılı olmayaraq, futbolçunun işi oyununu sərgiləməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi