Yuxarı

"Rossiya 24" telekanalı Azərbaycan futbolundakı nailiyyətlərdən bəhs edən süjet hazırlayıb - VİDEO

Azərbaycan futbolu başını qaldırır

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Rossiya 24" telekanalı Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərdən bəhs edən süjet hazırlayıb. "Report"un məlumatına görə, "Azərbaycan futbolu başını qaldırır" adlı 3 dəqiqəlik süjetdə əvvəlcə "Qarabağ"ın uğurlarından danışılıb.

Müəllif Ağdam təmsilçisinə Bakıdakı 0:1 hesablı məğlubiyyətdən sonra Belçika "Anderlext"i rəhbərliyinin narazı azarkeşlərə kompensasiya ödədiyini xatırladıb. "Qarabağ"ın "Rəvan"la Azərbaycan Premyer Liqasındakı X tur qarşılaşmasında Vüqar Mustafayevin vurduğu gözəl qolu nümayiş etdirən telekanal ikiqat ölkə çempionunun həm daxili, həm də Avropa miqyasındakı uğurlarının təsadüfi olmadığını bildirib.

Baş məşqçi Qurban Qurbanov hələlik komandada işlərin pis getmədiyini açıqlayıb: "Açığı, bu belədir. Həm futbolçuların yanaşma tərzləri, həm də turnir cədvəlindəki mövqeyinə əsasən, komandamdan razı olduğumu deyə bilərəm".

"Qarabağ"ın milliyyətcə rus, amma əslən bakılı müdafiəçisi Maksim Medvedev isə deyib: "Hərdən elə alınır ki, hətta "Anderlext" kimi komandaları məğlub edirik. Halbuki belə komandalar Bakıda asanlıqla çıxış edə biləcəklərini düşünürlər. Amma Azərbaycan 10 il əvvəlki deyil. Hazırda bura daha perspektivli, yüksək səviyyəli legionerlər cəlb olunur. Onlar yerli futbolçuları da öz arxalarınca daşımağa başlayırlar. Bu da ölkədə futbol uğurlarının daha davamlı olması baxımından çox müsbət amildir".

Daha sonra bildirilir ki, ekspertlər Azərbaycan futbolunun yeni və parlaq hüdudları aşacağına əmindirlər. Birbaşa ölkə rəhbərliyinin nəzarəti altında "Futbolun İnkişafına dair Dövlət Proqramı"nın hazırlandığı vurğulanıb. "Dalğa Arena" ərazisində salınmış Azərbaycan yığmalarının təlim-məşq bazasında "Neftçi"nin əvəzedici heyətinin hazırlıq prosesi də süjetdə əksini tapıb. "Qarabağ"la yanaşı, "Qəbələ"nin də bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı xatırladılıb, İngiltərə "Mançester Yunayted"inin AFFA ilə müqavilə əsasında Bakıda futbol məktəbi açdığı bildirilib.

Sonda Bakının AVRO-2020-ni təşkil edəcək 13 şəhərdən biri olduğu və Azərbaycan millisinin də final mərhələsində oynaya bilməsi üçün lazımi infrastrukturun hazırlandığı vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi