Yuxarı

Robert Prosineçki millinin dörd futbolçusunu hazırlıq prosesindən kənarlaşdırıb

O, daha öncə Qarabağdan çağırdığı Elvin Məmmədovu atasının vəfatı ilə əlaqədar komandadan azad edib

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Rəhman Hacıyev, Nurlan Novruzov, Seymur Əsədov və Ürfan Abbasovu Xorvatiya və Malta ilə AVRO-2016-nın seçmə qrup matçları öncəsi təşkil olunan hazırlıq prosesindən kənarlaşdırıb. 

Bu barədə "Report"a "Zirə" klubunun hücumçusu və milli komandanın üzvü Nurlan Novruzov məlumat verib.

"Zirə"nin hücumçusu bildirib ki, məşqlərdə 4 günədək sınaqdan çıxarıldıqdan sonra xorvatiyalı mütəxəssis onlarla söhbət edib. Gənc hücumçunun sözlərinə görə, Prosineçki heyəti 24 nəfərədək endirməli olduğunu deyib: "Baş məşqçi həvəsdən düşməməyimizi istədi. Dedi ki, yığmada 24 oyunçu qalmalıdır".

N.Novruzov Prosineçkinin qərarına hörmətlə yanaşdıqlarını və gələcək toplanışlara dəvət almaq üçün klubunda məşqlərini həvəslə davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Robert Prosineçki daha öncə "Qarabağ"dan çağırdığı Elvin Məmmədovu atasının vəfatı ilə əlaqədar komandadan azad edib. Xorvatiya ilə oyun sentyabrın 3-də Bakıdakı "Bakcell Arena"da olacaq. Bundan 3 gün sonra isə Azərbaycan millisi Maltanın qonağı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi