Yuxarı

Robert Prosineçki: "Əzmkar oyunla üç xalı Bakıda saxladıq" - MÜSAHİBƏ

Bu, Azərbaycan üçün vacib qələbə idi

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Dünən oyundan öncə çətin rəqib olduğunu və çətin oyun keçəcəyini demişdim. Xoşbəxtəm ki, komandam mübarizə apardı. Əzmkar oyunla üç xalı Bakıda saxladıq. Bütün Azərbaycan üçün vacib qələbə idi. Hər kəsi təbrik edirəm. Amma çox sevinməyə vaxt yoxdur. Sabah Çexiyaya yola düşürük. Səfərdə də mübarizə aparıb yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turunda Norveç yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Çexiya ilə oyun öncəsi bu qələbə komandada özünə arxayınlaşma yarada bilər?

- Bu suala cavab vermək bir az çətindir. Bəli, sevindik. Onlara dedim ki, sevinin, amma çox yox. Qarşıda daha bir vacib oyun var. Sabah bərpa məşqindən sonra yola düşəcəyik. Ona görə yox ki, kimsə pis oynadı. Sadəcə fiziki hazırlığı yüksək olan futbolçular Çexiya ilə oyunda oynamalıdır. Həkimlərlə danışığımız olacaq. Bütün dünya 3 gündən bir oynayır. Mənim də futbolçularım buna öyrəşməlidirlər. Bu qələbə bizi daha da motivasiya edəcək ki, səfər oyunundan Bakıya yaxşı nəticə ilə qayıdaq.

Baş məşqçi üçün əsas nəticədir, yoxsa komandanın necə çıxış etməsi?

- Sözsüz ki, nəticə çox önəmlidir. Komandaya təzyiq çox idi. Hər kəs qələbə gözləyirdi, amma necə komanda ilə oynadığımıza baxmalıyıq. Düzdür, gözəl oyun görmədik. Amma hər bir oyunçu mübarizə apardı, əlindən gələni etdi. Oyuna çıxmayan futbolçular da meydanda can qoymağa hazır idi. Bu Azərbaycan üçün tarix idi. Bu günə qədər belə hal olmamışdı.

Qalibi mühakimə etməzlər. Klubunda meydana çıxmayan futbolçular oynadı, amma Araz Abdullayev, Rauf Əliyev kimi klubda daimi çıxış edən oyunçular ehtiyatda qaldı..

- Fikrimcə bu gün onlar oynaya biləcək formada deyildilər. Bu səbəbdən həmin futbolçuları oynatmadım. Bəlkə uduzsaydıq həmin sualı daha sərt formada verəcəkdiniz. Sevinirəm ki, Norveçlə oyunda qələbə qazandıq.

Ufuk Budakı yenidən milliyə dəvət etməyi düşünürsünüz?

- Onu sonuncu dəfə Avstriyada təlim-məşq toplanışına çağırmışdım. Amma orada hazır olduğunu göstərə bilmədi.

Ağabala Ramazanovun xeyli sayda top itkilərinə baxmayaraq oyunda qalması nə ilə bağlıdır?

- Ağabala sürətli oyunçudur. Müdafiəçi üçün belə oyunçuya qarşı oynamaq çətindir. Hücumda oynayan futbolçu təkbətək mübarizəyə gedirsə, bu çox çətindir. Ağabala bu gün beş nəfərin yerinə vuruşdu. Bu gün bütün futbolçularımdan razı qaldım. Bəlkə də baxımlı futbol görmədik, amma futbolçularım meydanda can qoydu. Norveçi təhlil edəndə belə rəqibə qarşı oynamağın çətin olduğunu görürsən.

Yığma seçmə mərhələyə ardıcıl 2 qələbə ilə başladı və azarkeşlər az da olsa möcüzəyə inanır...

- Azərbaycana gəldiyim ilk gündən ölkə futbolu ilə bağlı nikbin idim. Amma siz bədbin idiniz və inanmırdınız. Bu komanda ilə nəticə qazanacağımıza inanırdım. Hər kəs inanmırdı. Amma komanda bunu Xorvatiya və İtaliyaya qarşı keçirilən oyunlarda sübut etdi. Ümid edirəm ki, hər kəsdə inam yaranır. Mən komandama inanıram.

Ot örtüyü və azarkeşlərdən razı qaldınız?

- Azarkeş dəstəyi möhtəşəm idi. Onlar komandanı 90 dəqiqə hücuma səsləyirdi. Məndə olan məlumata görə, 25-30 min azarkeş vardı. Şadam ki, azarkeşlər bu cür dəstək verdi. Ot örtüyünə gəldikdə isə vəziyyət yaxşı deyildi. Hətta dünən də biz köməkçi meydançada məşq etdik. Ümid edirəm ki, örtük düzələcək. Amma qələbədən sonra ot haqqında danışmağın nə dərəcədə düzgün olduğunu deyə bilmərəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi