Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etmək üçün şərtlərini açıqlayıb

Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etmək üçün şərtlərini açıqlayıb Xorvatiyalı mütəxəssis aylıq 15 min avro maaşa razıdır
Futbol
26 Dekabr , 2017 09:44
Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etmək üçün şərtlərini açıqlayıb
Report

Bakı. 26 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik etmək üçün şərtlərini açıqlayıb. “Report” “Mozzart Sport”a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis aylıq 15 min avro müqavilində müqavilə bağlamağın əleyinə olmadığını açıqlayıb.

R.Prosineçki bildirib ki, Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmiləri qurumun dekabrın 21-də baş tutan İcraiyyə Komitəsinin iclasından sonra onunla əlaqə saxlayıblar. Onun sözlərinə görə, danışıqlar zamanı yeni görüş barədə razılaşıblar: “Yığmanın yeni baş məşqçisi olacağımı söyləmək çətindir. Şəxsən bu çağırışı qəbul etmək istərdim. Federasiya rəsmiləri İcraiyyə Komitəsinin iclasından sonra əlaqə saxladılar və qarşıdakı cümə axşamı günü görüşmək barədə razılaşdıq. Bu görüşün Zaqrebdə və ya başqa bir yerdə olacağını bilmirəm. Yalnız görüşdən sonra nəsə söyləyə bilərəm. Aylıq əmək haqqının 15 min avro olması mənim üçün maneə deyil”.

Xorvatiyalı mütəxəssis deyib ki, onun üçün ən önəmlisi köməkçilərinin kim olacağıdır. O, görüş zamanı digər detalları da müzakirə edəcəklərini söyləyib: “Bosniya və Herseqovina nümayəndələrinin bizim gələcək əməkdaşlığı necə təsəvvür etmələrini bilmək istəyirəm. Mənim münasibətim pul üzərində cəmləşməyib. Daha çox köməkçilərimin kimlər olacağı maraqlıdır. Harada çalışmağıma baxmayaraq, uzun illər ərzində standart köməkçilərim olub. Bunlar Qordan Tsipriç və Draqan Spasiçdir. Söhbət hər zaman mənimlə birlikdə olan insanlardan gedir. Onlarsız çətin ki razılaşma əldə edək. Bu və digər məsələləri görüş zamanı müzakirə edəcəyik”.

Qeyd edək ki, Bosniya və Herseqovina Futbol Assosiasiyasının vitse-prezidenti Milorad Sovreniç Robert Prosineçki və Amar Osim arasında seçim edəcəklərini açıqlayıb. Yığmanın sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Prosineçkinin isə bu ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb. Onun Azərbaycanda köməkçiləri ilə birlikdə illik əmək haqqı 1 milyon 200 min avro olub. 

Son xəbərlər

Orphus sistemi