Yuxarı
    Bağlamaq

    Rəşad Qasımov: "İmkan olmayandan sonra nə etməliyik?" - MÜSAHİBƏ

    Bakı İnterinin prezidenti Rəşad Qasımov jurnalistlərin suallarını cavablandırıb

    Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı "İnter"inin prezidenti Rəşad Qasımov "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

    - Bu məğlubiyyəti gözləyirdiniz?

    - Təbii ki, gözləmirdim. Kim öz komandasının uduzmasını istər? Gözəl, maraqlı, qol epizodları ilə zəngin oyun oldu. Bütün imkanlardan yararlansaydıq, 3-4 topun vurulması gözlənilən idi. Təəssüf... Bəxt amili də özünü göstərdi. Amma yenə də komandamız çox gözəl oyun sərgilədi. Heç mövsümün ilk yarısında bu qədər imkanımız olmamışdı. Yəqin ki, əlverişli şansları qola çevirmək üçün vaxt lazımdır.

    - Bu, həm də "İnter"də ilk rəsmi oyununuz idi. Təəssüratlarınız necədir?

    - Mən bu komandaya çoxdan bağlıyam. "İnter"in oyunlarını həmişə izləmişəm. Bugünkü oyundan çox xoşum gəldi. Sadəcə, məğlubiyyət yenə məğlubiyyətdir. Gözəl oynasan belə, futbolda əsas məsələ son nəticədir. Nəticəni isə əldə edə bilmədik. Təəssüflər olsun ki, nəticənin olmaması bizi geri saldı. Artıq "Zirə"ni 2 xal qabağa buraxmışıq. Hesab edirəm ki, növbəti turlarda 2 xalı yenidən bərpa edəcəyik.

    - Məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirirsiniz?

    - Özüm futbol oynadığımdan, deyə bilərəm ki, məğlubiyyət hər zaman məğlubiyyətdir. Bəxtdəndir, ya nədəndirsə, futbolda nəticə əldə etmək lazımdır. Bu gün bir komanda digərindən üstün oldu. Bir həftədən sonra necə oynadığımızı heç kim yada salmayacaq. Sadəcə, hesabı deyəcəklər - 2:1.

    - Kamran Ağayevin hələ 2 oyunluq cəzası qalıb...

    - Biz PFL-ə müraciət etmişik. Nəticəsi yəqin ki, gələn həftə bilinəcək.

    - Yeni transferləri necə dəyərləndirirsiniz?

    - Bu gün Sezar Meza Kollinin səviyyəsinin kifayət qədər yüksək olduğu görünürdü. Bu səviyyə özünü büruzə verdi. Kifayət qədər ağıllı oyun sərgiləyirdi. Vüqar Nadirovun komandaya uyğunlaşması isə yəqin ki, vaxt aparacaq. Amma hər ikisi sonadək keyfiyyətli oyun sərgilədi.

    - UEFA-nın sizə verdiyi ödəniş üçün verdiyi vaxt bu gün başa çatır...

    Bundan əvvəl də demişəm ki, son gün ödəniş üçündür. Amma rəsmiyyət, qərar qəbulu bir qədər çəkəcək. Hələ yeni xəbər yoxdur. UEFA, FİFA və AFFA-ya müraciət etmişik. Yəqin ki, nəticəsi yaxın vaxtlarda bilinər.

    - AFFA Sizə kömək edəcək?

    - "Etməlidir" və ya "edəcək" deyə bilmərəm. Yəqin ki, kömək edər.

    - Avrokuboklara vəsiqə iddiası qalıb?

    - İddia da, fikir də həmişə var. Sadəcə, imkan olmayandan sonra nə etməliyik? Əsas məqsəd komandanın yaşamasıdır. Təbii ki, yaşasa və avrokuboka vəsiqə qazansa, kömək göstərib oynadarlar.

    - "İnter"in hazırda həbsdə olan fəxri prezidenti AFFA İcraiyyə Komitəsində təmsil olunurdu. "İnter" olaraq, onun yerinə kimisə namizəd göstərəcəksiniz?

    - Bu barədə məlumat verə bilmərəm. Ümumiyyətlə, o strukturun formalaşmasından xəbərsizəm. Yəqin ki, martadək görüşərik. Hələ bu suala cavab vermək üçün tezdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi