Yuxarı

​Rasim Ramaldanov: "Qarabağ"la oyun bizim taktikamıza uyğundur" - MÜSAHİBƏ

İnanıram ki, fasilədən sonra hər şey daha yaxşı olacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın "Xəzər Lənkəran" klubunun futbolçusu Rasim Ramaldanovun "Report"a müsahibəsi

- "Qarabağ"a məğlub olduğunuz oyun haqda nə deyə bilərsiniz?

- "Qarabağ" çempionatda güclü komandalardan biridir. Onlara qarşı oynamaq çətindir, amma belə oyunlardan həzz alırıq. Bu gün pis oynamadıq. Sadəcə, ola bilsin, hardasa bəxtimiz gətirmədi və məğlub olduq.

- "Qarabağ" Avropa Liqasında "İnter"lə, ardınca isə səfərdə "Qəbələ" ilə qarşılaşdı. Görüş növbəsi sizin idi. Oyundan əvvəl "Qarabağ" yorğundur, asan qələbə qazana bilərik" düşüncəsi yox idi ki?

- Yox, biz belə düşünmürdük. Çempionatda heç kim üzərində asan qələbə qazanmaq olmur. Ola bilsin ki, yorğun olublar. Ancaq biz digər komandalara qarşı necə oynayırıqsa, bu qaşılaşmada da belə oynadıq.

- 90 dəqiqə ərzində matçı izlədikdə ilk hissədə meydanda olan "Xəzər Lənkəran" ikinci hissədəkindən daha güclü görünürdü. Buna səbəb nə idi?

- Birinci hissədə daha yaxşı oynadıq. Ola bilsin ki, biz hesabda irəli keçəndə arxayınlaşdıq. "Qarabağ"la oynamaq bizim taktikamıza uyğundur. Hər iki komanda daha çox ötürmələrə üstünlük verir. Bu səbəbdən, maraqlı oyun oldu.

- Qış fasiləsinə bir tur qalıb və "Xəzər Lənkəran" ilk dövrədə "üçlük"də yer ala bilmədi. Turnir cədvəlindəki mövqeyinizi necə dəyərləndirirsən?

- Çalışacağıq ki, AZAL-la oyunda qələbə qazanaq. İnanıram ki, fasilədən sonra hər şey daha yaxşı olacaq.

- Yığma komandanın yeni baş məşqçi Robert Prosineçki mətbuata açıqlamasında "Xəzər Lənkəran"ın oyununu bəyəndiyini deyib. Doğurdan da komandanız yaxşı oyun göstərir, amma nəticə yoxdur...

- Yaxşı oynayırıq, amma qələbə qazana bilmirik.

- Hər dəfə qol vurursunuz, amma 90 dəqiqə tab gətirə bilmirsiniz. Bunun səbəbi nədir, yəni müdafiə xətti bu qədər bərbad vəziyyətdədirmi?

- Özünüz hər şeyi görürsünüz. Mən deyərdim ki, bu, qismətdir.

- Uzun müddətdir ki, millidə əsas heyətə düşməkdə çətinlik çəkirdiniz...

- Bu, baş məşqçinin fikridir. Ola bilsin, klubda az oyun keçirdiyimə görə belə olub. İnşallah, yeni baş məşqçi dəvət edər, gedərəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi