Ramin Musayev: "9 komanda ilə çempionat keçirsəydik, bütün mətbuat bizi biabır edərdi"

Ramin Musayev: "9 komanda ilə çempionat keçirsəydik, bütün mətbuat bizi biabır edərdi" "Çempionatın sonuna yaxın "Simurq" futbolçularının yerə oturmalarını özümə təhqir bildim"
Futbol
21 İyul , 2015 14:13
Ramin Musayev: 9 komanda ilə çempionat keçirsəydik, bütün mətbuat bizi biabır edərdi

Bakı. 21 iyul. REPORT.AZ/ "Azərbaycan Premyer Liqasının yayım hüququ ən azı 1 milyon manata satılmalıdır". "Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqada 2015-2016-cı il mövsümünün açılış mərasimində deyib. 

O bildirib ki, telekanalların imkanı varsa, 5 milyon da ödəyə bilərlər. R.Musayev titul sponsoru "Topaz"ın Premyer Liqadan imtina etdiyini bildirib. O, belə qərarın verilməsində bəzi klubların da rolunun olduğunu bildirib. 

PFL prezidenti maliyyə problemləri üzündən iştirakını dayandıran Zaqatala "Simurq"unun əvəzinə çempionata 10-cu komanda kimi "Rəvan"ın buraxılma səbəbini isə belə izah edib: "Düzdür, "Rəvan" lisenziya ala bilməmişdi. Amma fors-major deyilən bir şey var. "Simurq"un özü müraciət edərək, göstərir ki, Premyer Liqadan imtina edirik. 9 komanda ilə çempionat keçirsəydik, bütün mətbuat bizi biabır edərdi. Sağ olsun, "Rəvan" rəhbərliyi. Müraciətimizə müsbət cavab verdilər. Sentyabrın sonlarınadək bizə söz veriblər ki, lisenziya ilə bağlı problemi yoluna qoyacaqlar. Bilirəm ki, bu klubun Premyer Liqada iştirak imkanı var".

R.Musayev AFFA-nın "Simurq"a maliyyə yardımı təklif etməsinə dair xəbərlərə də aydınlıq gətirib: "Bu komanda Azərbaycan çempionatına rəng qatdı. Amma sonradan nələrin baş verdiyini klubun prezidenti və maliyyələşdirənlər daha yaxşı bilir. Çempionatın sonuna yaxın "Simurq" futbolçularının yerə oturmalarını özümə təhqir bildim. Azarkeşlər qədər mən də istərdim ki, "Simurq" çempionatda qalsın. Amma hər yerdə belə hallar olur. Böyük azarkeşləri olan komandalar bankrot olurlar. "Simurq"a imkan daxilində kömək etmək istədik. Məbləği demək istəmirəm. Amma təklifimizi qəbul etmədilər".

PFL prezidenti söz verib ki, hansı komandanın maddi vəziyyəti imkan versə, çempionatın əvvəlinə bir həftə qalmış da olsa, o komandanı Premyer Liqaya buraxacaq və klubların sayını 12-yə çatdıracaq: "Biz yaxşı bilirik ki, kimin imkanı var, kimin yox. Deyirsiniz ki, "Neftçala" I divizionda qalib olduğu halda, Premyer Liqaya niyə buraxılmır, əvəzində orta pillələri tutan "Kəpəz" buraxılır. "Kəpəz" Premyer Liqadan enəndə, bizi pisləyirdiniz. Amma indi Gəncə təmsilçisini dəvət etmişik, narazılıq edirsiniz. Məşhur filmdə deyildiyi kimi, "Biri deyir "oxu", o biri deyir "oxuma". Gəncədə futbolun inkişafı üçün hər cür imkanlar var. Hansı rayonda icra başçıları klublara baxır? "Neftçala" rəhbərliyi ilə görüşmüşəm. Deyirlər ki, klub olaraq, Premyer Liqada çıxış etməyə hazır deyillər".

R.Musayev maddi sıxıntıları olan "İnter"in isə heç bir probleminin olmayacağını vurğulayıb. Onun sözlərinə görə, hazırda bu komanda Avropa Liqasındakı gözəl oyunu ilə azarkeşləri sevindirir. AFFA rəhbərliyi də "İnter"lə birgədir.

PFL prezidenti növbəti mövsüm klubların maddi problemlər yaşamayacaqlarına ümid etdiyini bildirib. O, əvvəllər yüksək məbləğdə pullar qazanan futbolçuların bundan sonra aşağı maaşa daha yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını deyib: "Axır ki, klub rəhbərlərimiz ayıldı. Artıq futbolçulara şişirdilmiş pullar verilməyəcək. Gənc futbolçuya 100-150 min manat verilir. Uşaq təhsil alır, ali məktəb oxuyur, amma bu qədər maaş almır. Qoy futbolçular məcburən oynasınlar. İndi görəcəksiniz ki, həmin o gənc futbolçular oynamağa başlayacaqlar".

Son xəbərlər

Orphus sistemi