Qurban Qurbanov: "Yaxşı formada olan komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Yaxşı formada olan komandaya qarşı oynayacağıq" "Rəşad Sadıqovun oynama ehtimalı var"
Futbol
25 Noyabr , 2015 18:22
Qurban Qurbanov: Yaxşı formada olan komandaya qarşı oynayacağıq

Bakı. 25 noyabr. REPORT.AZ/ "Yaxşı, pik formada olan komandaya qarşı oynayacağıq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov noyabrın 26-da Bakıda İngiltərə "Tottenhem"i ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.

Matçın hər iki komanda üçün önəmli olduğunu bildirən 43 yaşlı mütəxəssis düzgün və səhvsiz oynamalarının vacibliyini vurğulayıb: "Bunun üzərində çalışmışıq. İnanıram ki, uşaqlar sonadək mübarizə aparacaqlar. Hər biri məsuliyyəti anlayırlar. Biz də bunu dərk edərək ən yaxşısını göstərməyə çalışacağıq".

Q.Qurbanov "Tottenhem"in heyətində 7 əsas futbolçunun Bakıya gəlməməsinin "Qarabağ"ın oyununa necə təsir edəcəyinə dair sualı da cavablandırıb: "Kimlərin gəlib-gəlməyəcəyindən xəbərsizəm. Rəqibin heyətində eyni səviyyəli futbolçular var. Belə futbolçular bizim işimizə mane olur. Bu klubda 7 yox, çoxlu sayda futbolçu var. Hər biri əlinə düşən imkanlardan maksimum yararlanmağa çalışacaqlar. Onların səviyyələrini bir-birindən ayırmaq olmaz".

Baş məşqçi kapitan Rəşad Sadıqovun meydana çıxma ehtimalının olduğunu, amma hər şeyə oyun ərəfəsində aydınlıq gələcəyini söyləyib. O, heyətdə ciddi dəyişiklik etməyəcəklərini də əlavə edib: "Heyətdə hər hansı dəyişiklik ola bilər. Amma belə oyunlarda ciddi dəyişiklik etmək istəməmişik. Çünki təcrübə və birgə çıxış daha vacibdir. Rəşad Sadıqovun oynama ehtimalı var. Amma sabah hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı saat 22:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi