Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Şerif" rəqibi oynamağa imkan verməyən bir komandadır"

    Rəqbi nə qədər analiz ediriksə, onlar da bizi incələyirlər

    Bakı. 24 iyul. REPORT.AZ/ “Çox vacib oyuna çıxırıq. Həddindən artıq ciddi hazırlaşmışıq. Vaxt az olsa da, əlimizdən gələni etməyə çalışırıq. Rəqibimiz xeyli oyunçu transfer edib, baş məşqçiləri italiyalıdır. Meydanda bir-birlərini tamamlayan futbolçulara sahibdirlər. Rəqibi oynamağa imkan verməyən bir komandadır. Əsas məsələ bizim meydanda düşündüklərimizi etməkdir. Pis hazırlaşmamışıq”.

    “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

    45 yaşlı mütəxəssis iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan öncə jurnalistlərin suallarını cavablandırıb.

    - Dani Kintananı sabah meydana görə bilərik?

    - Rəşad Sadıqovla Dani Kintana hazırda komanda ilə məşq etsələr də meydana çıxmayacaqlar. Başqa problemimiz yoxdur. Elşən Abdullayevlə Abbas Hüseynov da komanda ilə çalışırlar.

    - Əksəriyyət “Qarabağ”ın bu mərhələni asanlıqla keçəcəyini düşünür...

    - Bir tərəfdən sağ olsunlar, bizə inanırlar. Hər il rəqiblərə qarşı belə fikirlər irəli sürülür. Biz isə həmişə ehtiyatlanmışıq. Rəqbi nə qədər analiz ediriksə, onlar da bizi incələyirlər. Hərə öz ölkəsinin çempionudur. Çempionlar Liqasının III təsnifat mərhələsi xüsusi önəm daşıyır. Çünki qalib gələn komanda Avropa Liqasının qrupuna vəsiqə qazanır. Rəqibin 7 yeni oyunçusu var, çox təcrüblədirilər. Asan rəqib deyil. Onlar da mərhələ keçməyi düşünür.

    - Azarkeşlər “Qarabağ”dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını gözləyir. Bu komandaya psixoloji təzyiq yaratmır?

    - Bunun müsbət və mənfi tərəfləri var. Futbol elə oyundur ki, biz daima növbəti oyunumuzu düşünməliyik. İndidən qrupu düşünsək, futbolçuları sıxmış olarıq. Psixoloji təzyiq olar. Çempionlar Liqasında qrupa vəsiqə qazanmaqdan ötrü iki mərhələ keçməliyik. Bu, elə-belə turnir deyil.

    - “Şerif” II təsnifat mərhələsində daha çox güc itirdi. Bu, “Qarabağ”ın lehinədir?

    - Bu, futbolçunu yoran mərhələ deyil. Bunun müsbət və ya mənfi olduğunu bilmirəm. Hazırda Moldova çempionatı da keçirilir. Dünənki oyunda “9 nömrə”lərin oynatmamışdılar. Bir də orta xətt oyunçusu var, o, meydana sonradan daxil oldu. Görünür, kimdən narahtdırlarsa, onları oynatmayıblar.

    - Əvvəlki illərdə III təsnifat mərhələsində məğlub olduğunuz komandalarla “Şerif”i müqayisə etsəniz, nə deyə bilərsiniz?

    - Rəqibləri müqayisə etmək istəmirəm. “Zalsburq”la çətin olmuşdu. “Viktoriya” ilə görüşdə xeyli qol epziodumuz vardı. Üstün tərəf biz idik. Lakin rəqib mərhələ adladı. “Şerif”in baş məşqçisi çox taktiki dəyişikliklər edir. Sabah nə cür dəyişilik olsa, buna uyğun da tədbir görəcəyik.

    - Heyəti müəyyənləşdirmisiniz?

    - Baş məşqçilərin beynində hər zaman təxmini heyət olur. Lakin oyundan əvvəl açıqlamağı xoşlamıram.

    - Sabahkı oyunun Ağdamın işğal günündən sonraya təsadüf edir. Bu amil komandaya necə təsir edir?

    - Bizim torpaqların işğalı ilə ilə bağlı hansısa günü fərqləndirmək istəmirəm. Bizim düşüncəmiz bu komandanı saxlamaqdır. Oyunumuza baxıb, sevinən nə qədər məcburi köçkünlərimiz var. İstər ağdamlı olsun, istərsə də digər rayonlardan.

    - Tahir Gözəl hazırkı heyətin “Şerif”i gecəcək gücdə olduğunu söyləyib. Bəs, növbəti raunda vəsiqə qazansanız, transferlər olacaq?

    - Transferlərimiz mərhələ adlayıb, adlamamağımıza bağlı deyil. Bu gün də bəzi varinatlar var, üzərində işləyirik. Danışıq apardıqlarımız var. Hər il komandaya 4-5 oyunçunun gəlib-getməsini xoşlamıram. Bizə uyğun oyunçular axtarırıq.

    - Hansı mövqe üçün oyunçu axtarırsınız?

    - Bu, sizin şəxsi fikrinizdir. Mahir Mədətovun hazırkı durumu məndə müsbət fikir yaradır. Sadəcə, əlimizdə alternativ variantların olmasını istəyirik.

    - Rəşad Sadıqov hazır olandan sonra Yakob Jezniçakla onun arasında seçim edən zaman kimə üstünlük verəcəksiniz?

    - Rəşad tam sağlam olsun, bu, sonranın işidir.

    - Riçard Almeydanın sabiq komanda yoldaşı onun “Qarabağ”da ilinə 500-550 min avro qazandığını söyləyib. Bu, doğrudurmu?

    - Biz heç bir oyunçunun maaşını açıqlamırıq. Əsas odur ki, sonda oyunçu da razı qalır, biz də. Bu rəqəmi eşitməmişdim.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi