Qurban Qurbanov: "Qara Qarayevlə bağlı heç bir rəsmi təklif almamışıq"

Qurban Qurbanov: "Qara Qarayevlə bağlı heç bir rəsmi təklif almamışıq" "Qarabağ"ın baş məşqçisi: "Bu məsələ gündəmdə deyil"
Futbol
2 Aprel , 2017 22:11
Qurban Qurbanov: Qara Qarayevlə bağlı heç bir rəsmi təklif almamışıq

Bakı. 2 aprel. REPORT.AZ/ "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turunda "Kəpəz" üzərində 2:1 qələbədən sonra mətbuat konfransına qatılıb.

"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatın ən gərgin oyunlarından biri oldu. Mövsümün sonuna yaxın daha da çox olacaq. Vacib 3 xal qazandıq. 3 gündən bir oyun oynamaq problem yaradır. Futbolçularımız bu gün yaxşı oynadılar. Hamısını təbrik edirəm.

- Zədəli futbolçularınızın, xüsusilə də Riçard Almeydayla Bədavi Hüseynovun durumu nə yerdədir?

- Bu barədə heç nə deyə bilmərəm. Millinin oyunundan sonra Bədavinin ayağında şiş yaranıb. Almeydanın isə çanaq oynağında qan yığılıb, qaralıb. Bu da daha çox yüklənmədən olur. Ola bilsin, “Neftçi” ilə oyundan sonra komandaya qoşulsunlar.

- Oyunun gedişində "Qəbələ" - "Zirə" görüşünün hesabından xəbəriniz var idi? Yəni rəqibinizin xal itirməyə doğru getdiyini bilirdiniz?

- Nəticəni oyundan sonra bildim. Bu barədə deyil, öz matçımızı düşünürdük.

- Növbəti matçlarınızı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməniz mümkündür?

- Hər şey "Azərsun Arena"nın durumundan asılıdır. Bəli, "Neftçi" və "Qəbələ"ni burada qəbul edə bilərik.

- "Neftçi" düşərgəsində Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı keçməyin mümkünlüyü danışılır. Bu barədə nə deyə bilərsiniz?

- İndi futbol elədir ki, hər şey ola bilər. Cavab matçı "Neftçi" üçün daha rahat olacaq. Biz onları səfərdə 2:0 hesabı ilə məğlub etmişiksə, eyni şeyi onlar da edə bilər. Zədəli futbolçularımız çoxdur. Bir dəfə təbii ot örtüyündə oynayırıq, bir dəfə süni örtükdə, bu da zədələri çoxaldır.

- AFFA İcraiyyə Komitəsinin üzvlərindən birisiniz. Son iclasda süni meydançaların dəyişdirlməsi məsələsi müzakirə olunub?

- Bəli, müzakirə olunub. Stadionların ot örtüklərinin yaxşılaşdırılması üçün müəyyən işlər gedir. Məsələn, Gəncə şəhər stadionun qazonu dəyişdiriləcək. "İnter" və AZAL-ın satdionlarına da baxılacaq.

- Qara Qarayevin xarici kluba transfer məsələsi ilə bağlı bir yenilik yoxdur ki?

- Biz Qarayevlə bağlı heç bir rəsmi təklif almamışıq. Bu məsələ gündəmdə deyil.

Son xəbərlər

Orphus sistemi