Yuxarı

​Qurban Qurbanov: "İndiki psixoloji durumdan razı deyiləm"

Yaxşı nəticə göstərməyə, azarkeşlər üçün yaşı mübarizə göstərməyə çalışacağıq

Bakı. 11 iyul. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" komandası ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə matç barədə danışıb...

- Pis hazırlaşmamışıq, məlumat toplamışıq. Digər komandalarımızın da mərhələ adlaması bizim üçün stimul oldu. Rəqibə ciddi yanaşırıq, oyunlarını izləmişik. Lüksemburqa kiçik futbol ölkəsi kimi yanaşılır. Amma get-gedə rəqiblər arasında fərq azalır. Özü də Avropanın mərkəzində yerləşən ölkənin komandasında. Çoxlu sayda legionerləri var. Onların səviyyəsi aşağı deyil. İlk mərhələ üçün güclü rəqib olacaq. Bu, özümüzü sığortalamaq deyil. Yaxşı nəticə göstərməyə, azarkeşlər üçün yaxşı mübarizə göstərməyə çalışacağıq. Fikrimizdə hamını sevindirərək, nəticələrimizi yaxşılaşdırmaqdır. Bütün futbolçuların səviyyəsini eyniləşdirməyə çalışacağıq.

- Reynaldo meydana çıxa biləcək?

- İlk 11-likdə olmayacaq, sonradan çıxma ehtimalı çox azdır. Həkimlərin qərarına əsasən, hərəkət edəcəyik. Hər hansı risk varsa buraxmayacağıq. İnanırıq ki, növbəti oyunlarda bizə kömək edə biləcək. Onun yoxluğunda Muaremlə Mahir Mədətovun birgə oynamaq ehtimalı var.

- Respublika stadionunun durumu necədir?

- "Zirə" ilə oyunu orada keçirdik. Meydanın vəziyyəti bizi qane edir. Hələ ot oturuşmasa da, bu gün üçün yaxşı vəziyyətdədir.

- Rəqibi izlədiyinizi dediniz. Sizə necə təsir bağışladı?

- Komandaya yeni baş məşqçi gəlib. Almaniyalı Topmöller futbolçulardan alman nizam-intizamı tələb edir. Oyunlarına canlı baxmışam. Klaus Topmöllerin oğludur, 39 yaşı var. Almaniyadan 2 oyunçu alıblar. Hər mövqedə intizamlı oyunçulardır. Belə bir komanda ilə oyun rahat olmayacaq.

- Komandanın hazırkı durumu necədir?

- İlk oyunda istər-istəməz həyəcan olur. Növbəti mərhələyə keçsək, belə həyəcan olmayacaq. İndiki psixoloji durumdan razı deyiləm. Futbolçulardan daha artığı tələb olunduğuna görə minnətdaram.

- Çempionlar Liqasında qrupa düşsəniz, missiyanızı başa vurmuş sayılacaqsınız?

- Təki Çempionlar Liqasının qrupuna düşək. Komandada maksimum nəticə verməyə tam gücümlə çalışıram. Hələ burdayam, amma gələcəkdə hər şey ola bilər.

- Leroy Corcun "Qarabağ"a qayıtma ehtimalı var?

- Bu gün üçün yoxdur, planımızda da belə şey olmayıb.

- Son zamanlar 11-liyi açıqlamaq dəb halını alıb...

- Məndə də sirr deyil. Amma zədə və ya başqa problem ola biləcəyini nəzərə alaraq, bir gün əvvəldən açıqlamamağım daha yaxşıdır.

- Komandalarımızın Avropa Liqasında mərhələ keçmələri sizin üçün stimuldur, yoxsa əlavə psixoloji yük?

- Ölkəmizə nə qədər əcnəbi komanda gələrsə, bu, futbolumuzun inkişafı üçün faydalı ola bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi