Yuxarı

Qurban Qurbanov: "Futbolçular qələbə üçün əllərindən gələni etdilər"

Əsas odur ki, qrup mərhələsinə düşdük

Bakı. 25 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Göteborq”u 3:0 hesabıyla məğlub edərək qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report"un məlumatına görə, Q.Qurbanov oyunla bağlı bunları deyib:

"Futbolçularımı təbrik edirəm. Qələbə üçün əllərindən gələni etdilər. Əlbəttə, möhtəşəm dəstək olan azarkeşləri də unutmaq olmaz. Çətin oldu. Xüsusilə, Çempionlar Liqasındakı məğlubiyyətdən sonra. Futbolçuların soyuqqanlılığı bu uğuru qazanmağımıza səbəb oldu. Əsas odur ki, qrup mərhələsinə düşdük. Ümid edirəm ki, “Qəbələ” də qrup mərhələsinə düşəcək. İnşallah, keçən ilki kimi yenə hər iki komanda qrup mərhələsində çıxış edəcək. Burdan çıxıb “Qəbələ”nin oyununa baxmağa gedəcəm".

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ” qrup mərhələsini aşa bilər?

- Bu, püşkatmanın da nəticələrindən asılıdır. Əvvəlki iki ildə şansımız olsa da, vəsiqə qazana bilməmişdik. Artıq futbolçularımız daha təcrübəlidilər.

- Sizdən öncə mətbuat konfransında çıxış edən rəqib sizə “Mançester Yunayted”lə qarşılaşmağı və onları parçalamağı arzuladığını dedi...

- Biz kiminsə arzuları barədə düşünmürük. Bizim öz arzularımız, öz məqsədlərimiz var.

- Bu oyunda “Qarabağ”ın böyük hesablı qələbəsini rəqibin müdafiəsindəki boşluqlarla əlaqələndirmək olar?

- Biz həmişə ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. İlk oyunda onları yaxşı öyrənmişdik. Buna görə də, cavab oyununda bundan istifadə edə bildik.

- Qrup mərhələsində Olimpiya stadionundan istifadə etmək olar? Respublika stadionunun qazano yaxşı vəziyyətdə deyil.

- Doğrudan da qazonun vəziyyəti yaxşı deyil. Oyunda hansısa oyunçunun zədələnməsindən çox qorxurdum. Ancaq bu meydançaya öyrəşmişik. Vəziyyətin qrup mərhələsinə kimi düzəlməsinə ümid edirəm. Hər halda, düzəlməsə, bu barədə düşünmək olar.

- Elvin Yunuszadə son oyunlarda çox tənqid olunurdu. Bu matçda onun oyununu necə dəyərləndirərdiz?

- Elvin bir oyuna görə tənqid olundu. O da 10 dəqiqəlik çıxışına görə. Bu vaxt ərzində bir oyunçu öz potensialını necə göstərə bilər? Elvin bizim 3 mərkəz müdafiəçimizdən biridir. Oyun az keçirdikdə bu, onun oyununa təsir edir. Düzdü, Elvinin xarakterində bir az zəiflik var. Bu, onun əsas heyət uğrunda mübarizəsində özünü göstərir.

- Bədavinin möqeyində boşluq özünü göstərirdi. Bu mövqeyə yeni oyunçu transferi gözlənilir?

- Düzünə qalsa, bu mövqeyə oyunçu transferini planlaşdırırdıq. Ancaq Elvindən çempionatda da istifadə edə bilirik. Ancaq legioner aldıqda bir-iki oyunda istifadə edə biləcəyik. Bununla bağlı hələ ki, tam qərar verməmişik. Elvinə qarşı oynayan hücumçu pressinqdən çox istifadə edirdi. Buna görə, geriyə daha çox ötürmə edirdi. Rəşad təcrübəli olduğundan, irəli ötürmələr edirdi. Elvinin isə təcrübəsi bir qədər azdı. Buna görə elə risk etmirdi.

- Bədavi Hüseynovun zədəsi nə yerdədir?

- Bədavi 3 ay öncə də eyni cür zədələnmişdi. Əzələ zədəsidi. Çox da ciddi deyil. Zədənin daha da pisləşməməsi üçün onun tam sağalmasını gözləyəcəyik.

- Çempionatda 25 günlük fasilənin olması nə dərəcədə düzgündür?

- Bu müddətdə komandalar oyunsuz qalmayacaqlar. Yoxlama oyunları olacaq. Əksinə, formada olmayan komandalar üçün yaxşı fürsətdi. Bunu normal qəbul edirəm.

- Almeydaya görə təklif olub?

- Ona görə bizim qapımızı döyən olub. Səudiyyə Ərəbistanından onu transfer etmək istəyirdilər. Onlar daha çox pul verirdilər. Lakin Almeyda komandaya sadiq qaldı. O, qalmağı üstün tutdu.

- Bu oyunda daha aqressiv görünürdüz. Bu, “Höteborq”dan qisas almaq istəyilə bağlı idi?

- Yox, qisasla bağlı deyildi. Futbolda qisasa yer yoxdu. Sadəcə, futbolçular bu oyuna daha yaxşı hazırlaşıblar. İnsan məğlub olanda hər şeyi daha yaxşı anlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi