Bakı. 17 avqust. REPORT.AZ/ "Çətin rəqibə qarşı oynayacağıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveç "Göteborq"u ilə keçirəcəkləri Avropa Liqasının ilk "pley-off" matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, bu mövsüm çempionatda 18 tur və bir neçə avrokubok oyununa çıxan rəqib hazırda pik nöqtədədir: "Üstünlük "Göteborq" tərəfdədir. Çünki evdə, azarkeşləri önündə oynayacaqlar. Buna baxmayaraq, komandam bu oyuna hazırdır. Ən yaxşısını etməyə çalışacağıq. Belə oyunlarda təcrübəmiz var, xüsusən, pley-off oyunlarında. Rəqib çox istəklidir, bizə əvvəlki illərdən daha çətin pley-off oyunu olacaq. "Göteborq" daha çox kollektiv oyuna üstünlük verir. Turun qalibi Bakıda məlum olacaq".
Qeyd edək ki, avqustun 18-də Qotenburq şəhərindəki "Qamla Ullevi" stadionunda keçiriləcək "Göteborq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.