Qurban Qurbanov: "Rudar" düşünmədiyimiz kimi rəqibdir"

Qurban Qurbanov: "Rudar" düşünmədiyimiz kimi rəqibdir" "Ona görə də ilk matç daha çətin olacaq"
Futbol
14 İyul , 2015 20:16
Qurban Qurbanov: Rudar düşünmədiyimiz kimi rəqibdir

Bakı. 14 iyul. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 43 yaşlı mütəxəssis əvvəlcə komandasının hazırlıq səviyyəsini dəyərləndirib.

O, Çempionlar Liqasına normal hazırlıq keçdiklərini bildirib: "Bu turnirin yeri başqadır. Ötən il də mübarizəyə Çempionlar Liqasından başladıq və düşünürəm ki, avrokuboklarda uğurlu il keçirdik. Amma bu il istər-istəməz məndən və komandadan daha çox şey tələb edirsiniz. Çalışdıq ki, komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi alınmadı. Amma pis hazırlaşmamışıq".

Rəqibə gəldikdə, Q.Qurbanov "Rudar"ı tam istədikləri kimi tanıya bilmədiklərini söyləyib: "Rudar" düşünmədiyimiz kimi rəqibdir. Oyunlarına baxsaq da, tam istədiyimiz kimi tanımadıq. 5 yeni oyunçu alıblar. Müəyyən dəyişikliklər var. Mən həmişə həqiqəti deməyə çalışıram. Bu rəqibin nə dərəcədə topla davranmağı xoşladığını və standart vəziyyətlərdən yararlandıqlarını sabah görəcəksiniz. Topla yaxşı davranmaları bizə problem yarada bilər. Biz rəqibi nə qədər analiz etsək də, onu ilk oyundan sonra tanıyırıq. Ona görə də ilk matç daha çətin olacaq. Ciddi rəqibə qarşı oynayacağıq. Daha az səhv etməyə və dəyişikliklər lazım olsa, oyunun gedişində etməyə çalışacağıq. Yaxşı oyun və yaxşı nəticə ilə oyunu başa vurmağa çalışacağıq".

Baş məşqçi start heyətini müəyyənləşdirdiklərini də açıqlayıb: "Biz əlimizdəki futbolçularla hazırlaşdıq.

Çalışmışam ki, oyun tərzini dəyişməyim, əksinə daha da yaxşılaşdırım. Futbolçular da hansı sistemdə oynamalı olduqlarını bilirlər. Transfer bazarı elədir ki, oyunçu tapmaq çətindir. Türkiyə və Rusiyada legioner limitini götürüblər. Nə qədər axtarsaq da, azad transfer tapa bilmədik. Əsas odur ki, düşündüyümüz kimi futbolçu olsun. Təcrübəmiz daha çoxdur. Bu bizə kömək edə bilər. Bəzi futbolçularımızla yollarımızı ayırdıq. Əvəzində gənc oyunçular və yeni legionerlər götürdük. Nə qədər uğur qazansaq da, yaxşı transferə ehtiyac olur".

Qeyd edək ki, iyulun 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Rudar" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi