Qərbdə Şərq ab-havası - Sevilyada "Qarabağ" üçün "qara cümə axşamı" - REPORTAJ

Qərbdə Şərq ab-havası - Sevilyada "Qarabağ" üçün "qara cümə axşamı" - REPORTAJ
Futbol
29 Noyabr , 2019 16:02
Qərbdə Şərq ab-havası - Sevilyada Qarabağ üçün qara cümə axşamı - REPORTAJ

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinin V tur qarşılaşması üçün İspaniyaya böyük heyətlə yollandı. Komandanı "Report"un əməkdaşı da daxil olmaqla, çoxlu sayda - 24 jurnalist müşayiət edirdi. 

Noyabrın 26-sı saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə səfərə çıxan kollektivi San Pablo Hava Limanına qədər 7 saat uçuş gözləyirdi. Məsafə uzaq olsa da, Rəşad Sadıqov media mənsublarına darıxmağa qoymadı. Kapitan karyerası ilə bağlı müxtəlif xatirələrini bölüşərək səfərə rəng qatdı. "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov da öz növbələrində təyyarənin jurnalistlər bölümünə gələrək hal-əhval tutdular. 

Media mənsublarının məskunlaşacağı "Hotel Novotel"in "Sevilya"nın ev oyunlarını keçirdiyi "Ramon Sançes Pisxuan" stadionu yaxınlığında yerləşdiyini bilirdik. Lakin qaldığımız otelin pəncərəsinin arenaya açılacağını təxmin etmirdik. Məsafənin yaxın olması işimizi asanlaşdırmaqla yanaşı, Avropa Liqasının kubokunu rekord sayda - 5 dəfə qəbul edən şəhərin futbolu haqqında təəssürat toplamaq baxımından çox yaxşı idi.

Ertəsi gün axşam "Ramon Sançes Pisxuan"da Qurbanov və Ağdam təmsilçisinin ispaniyalı legioneri Xayme Romeronun iştirakı ilə mətbuat konfransı keçirildi. Komandanın açıq məşqi zamanı Tahir Gözəlin futbolçulara motivasiya xarakterli mesajlar verdiyi brifinqi oldu. Bunadək isə artıq barəsində yalnız "Wikipedia" məlumatlarına sahib olduğumuz Sevilya ilə tanışlığa start vermişdik. Öncədən tək kəlmə ilə onu deyim ki, şəhər möhtəşəmdir! 

İspaniyanın cənubunda, Qvadalkvivir çayının hər ikisi sahilində yerləşən Sevilya Andalusiya Muxtar Vilayətinin paytaxtıdır. Bura daha 7 şəhər - Almeriya, Kadis, Kordova, Qranada, Uelva, Xaen və Malaqa daxildir. 140,8 kvadrat kilometr ərazisi olan şəhərdə 700 minə yaxın insan yaşayır. Şəhərin memarlığında Şərq elementləri özünü göstərir. Bu da ərəb işğalına məruz qalan Sevilyanın 929 - 1031-ci illərdə Kordova xilafətinin tərkibində yer almasından irəli gəlir. Burada Bakıda adət etdiyimiz göydələnlər yox səviyyəsindədir, əvəzində möhtəşəm memarlıq inciləri var. Onların sırasında şah əsəri kimi İspaniya meydanını (Plaza de Espana) və Sevilya Qəsrini (Real Alcazares de Sevilla) göstərmək olar. Həmçinin Sevilya Universiteti də turistlərin üzünə açıq təhsil ocağıdır.

Şəhərin yaşıllığının əsas hissəsini yabanı portağal ağacları təşkil edir ki, bu da Sevilyaya başqa bir gözəllik verir. Ümumiyyətlə, bu praktikadan subtropik bitkilərin yetişdiyi bir sıra yerlərdə də istifadə olunub. Məsələn, Türkiyənin Antalya bölgəsindəki Manavqat şəhərində də oxşar mənzərəni görə bilərsiniz. Eynisini Lənkəranda da etmək mümkündür. 

Qərblə şərqin sintezi olan Sevilyanın əcnəbiləri cəlb etməsinin əsas səbəbi şəhərin tarixi memarlıq abidələridirsə, digəri qiymətlərin baha olmamasıdır. Məsələn, Bakıdakı ərzaq məhsullarının qiymətləri ilə buradakı arasında ciddi qiymət fərqi yoxdur.

Şəhər əhalisi olduqca istiqanlıdır. Bununla belə, burada ingilis dilini bilən azdır. Bilənlərin isə bu dildə danışmaqla araları yoxdur. Futbolun onları birləşdirən əsas vasitələrdən biri olduğunu söyləmək olar. Şəhərin eyni adlı təmsilçisindən başqa La Liqada çıxış edən daha bir komandası var - vaxtilə Vəli Qasımovun da formasını geyindiyi "Betis". Ancaq həm indiki durumuna, həm də uğurlarına görə "Sevilya" ön plandadır. Avropa Liqasında növbəti mərhələyə vəsiqəni təmin etmiş Xulen Lopeteginin rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 3-cü sıradadır və yalnız "Barselona" ilə "Real Madrid"dən geri qalır. Elə ona görə də kapitan Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı futbolçular "Qarabağ"la matçın "18-liy"inə daxil edilməmişdi.

Görüş ərəfəsində təkcə meydanda oynanılan futbol yox, təşkilatçılıq baxımından da İspaniyadan çox geri qaldığımızın şahidi olduq. Təsəvvür edin, matç saatında stadion ətrafında tıxac müşahidə olunmurdu. "Ramon Sançes Pisxuan" stadionunun ərazisinə daxil olmaq üçün hansısa səddi keçməyə gərək yoxdur: azarkeşlər yalnız arenanın özünə daxil olanda yoxlanılır. Matç günlərində orada süvari və sıravi polislər, eləcə də stüardlar xidmət göstərirlər. Məhz onların yüksək səviyyədə təşkilatlanmış işi nəticəsində arena rahat dolur və bir göz qırpımında boşalır.

İspanlar futbola, sözün əsl mənasında, tamaşa, böyük əyləncə gözü ilə baxırlar. Bütün iş bu fəlsəfənin üzərində qurulub. Stadionun ətrafında quraşdırılmış atraksionlardan tutmuş, stadionda matç ərəfəsində seçilən musiqilərə qədər hər şey böyük zövqlə edilir.

Oyuna gəlincə, artıq hesabdan, 2 cavabsız qolla uduzan Ağdam komandasının növbəti raunda yüksəlmək şansını itirdiyindən xəbərdarsınız. Andalusiyada bu gün "qara cümə" adı altında endirimlər olacaq. Dünən isə "Qarabağ" üçün "qara cümə axşamı" idi.

Cari mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Kipr APOEL-i Avropa Liqasında da Azərbaycan çempionunun yolunu kəsdi. Necə deyərlər - borc olsun...

Son xəbərlər

Orphus sistemi