"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək - AFİŞA

"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək - AFİŞA Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Futbol
24 Oktyabr , 2019 08:07
Qəbələ UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək - AFİŞA

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək. 

"Report"un məmulatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv ilkin mərhələnin cavab matçında Kipr APOEL-ini qəbul edəcək. 

Qəbələ şəhər stadionundakı qarşılaşmanı ukraynalı referi Denis Şurman idarə edəcək. Komandalar arasında Nikosiyadakı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Əyalət təmsilçisi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək. İspaniyadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0. 

Reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları oktyabrın 2-də və 24-də, II raundun görüşləri isə noyabrın 6-da və 27-də olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11-12 fevralda, 1/8 final matçları 3-4 martda, 1/4 final görüşləri isə 17-18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.

Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir UEFA Gənclər Liqasında çıxış edir. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatılıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"i iki oyunun nəticəsində məğlub edilib - 1:1, 3:1. Lakin II raundda "qırmızı-qaralar" Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Gənclər Liqası

Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
14:00. “Qəbələ” – APOEL (Kipr)

Baş hakim: Denis Şurman
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1

Son xəbərlər

Orphus sistemi