​"Qəbələ"nin "Maribor"la keçirəcəyi ev oyununun stadionu müəyyənləşib

​"Qəbələ"nin "Maribor"la keçirəcəyi ev oyununun stadionu müəyyənləşib "Hazırda "Qəbələ" Avropa futbol qurumunun cavabını gözləyir"
Futbol
11 Avqust , 2016 14:36
​Qəbələnin Mariborla keçirəcəyi ev oyununun stadionu müəyyənləşib

Bakı. 11 avqust. REPORT.AZ/ "Qəbələ" klubu futbol üzrə Avropa Liqasında Sloveniya "Maribor"u ilə avqustun 18-də keçirəcəyi ilk matçın stadionunu müəyyənləşdirib. 

Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, ev arenası kimi UEFA-ya Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nın adı göndərilib.

"Qırmızı-qaralar"ın rəsmisi bildirib ki, məktubda stadionun yerinin dəyişdirilməsinə "Bakcell Arena"nın ot örtüyündəki yenilənmə işləri səbəb göstərilib. Başlama saatı isə dəyişdirilməyib - 21:00. Hazırda "Qəbələ" Avropa futbol qurumunun cavabını gözləyir.

Ot örtüyündəki yenilənmə işləri ilə əlaqədar "Bakcell Arena"nın təmirə bağlanmasından sonra seçim üçün 2 variant olub. Bakı Olimpiya Stadionuna baxış keçirən klub nümayəndələri orada ot örtüyünün o qədər də yaxşı vəziyyətdə olmadığı qənaətinə gəliblər. Üstəlik, 70 minədək tamaşaçı tutumuna malik arenada azarkeşlərin az görünəcəyi və tribunaların meydandan uzaqlığı "Qəbələ" rəsmilərini 6 500 nəfərlik "Dalğa Arena" variantına üstünlük verməyə sövq edib.

Amma Mərdəkandakı stadiona yolun uzaqlığı azarkeşlərə və jurnalistlərə problem yarada bilər. Üstəlik, oyun gecə yarısınadək davam edəcəyindən evə dönüş üçün nəqliyyat tapmaq müşkülə çevriləcək. S.Səfiyarlı narahatlığa əsas görmədiklərini, oyun günü Mərdəkana azarkeşləri aparıb-gətirmək üçün nəqliyyat vasitələrinin ayrılacağını açıqlayıb.

Qeyd edək ki, cavab görüşü avqustun 25-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi