"Qəbələ"nin 3 futbolçusu növbəti məşqdən kənarda qalıb

"Qəbələ"nin 3 futbolçusu növbəti məşqdən kənarda qalıb "Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb"
Futbol
7 Yanvar , 2015 09:53
Qəbələnin 3 futbolçusu növbəti məşqdən kənarda qalıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev "Qəbələ" komandasının Türkiyənin Antalya bölgəsindəki növbəti məşqinə də qatılmayıb. "Report"un məlumata görə, klubun rəsmi saytında səbəb kimi 29 yaşlı qolkiperin xəstəliyi göstərilib.

29 yaşlı qapıçıdan başqa Pavol Farkaş və Ekiqo Ehiosun da hazırlıq prosesindən kənarda qalıb. Onların zədəli olduqları bildirilir. 

Təlim-məşq toplanışı barədə danışan "Qəbələ"nin yeni transferi Rəşad Sadiqov artıq kollektivə uyğunlaşdığını, özünü komandada yeni hiss etmədiyini bildirib: “Qəbələ”nin düşərgəsində olduğum qısa müddətdə həqiqətən də çox xoş təəssüratlarım formalaşıb. Yeni komandamda çox isti qarşılandım. Sanki neçə ildir burada oynayıram. Komandaya uyğunlaşmaqda heç bir çətinlik olmadı. Heyətdə bir neçə futbolçu var ki, onlarla Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparırıq. Digər yerli futbolçuların hamısı ilə də öncədən yaxşı münasibətlərimiz var. “Qəbələ”nin legionerləri ilə də rəqib kimi qarşılaşdığım vaxtlardan xoş ünsiyyətim olub. Bu üzdən də mənim üçün uyğunlaşmaq çox rahat oldu. Hazırlıqlarımız plan üzrə gedir, hamı öz ideal formasına düşməyə çalışır. Heç bir futbolçunun ilk “11-lik”dəki yeri təmin olunmayıb. Oyunçunun özü çalışmalıdır ki, buradakı yerini qazanıb, onu qorusun. Mən də əlimdən gələni edəcəyəm ki, əsas heyətdə möhkəmlənim və komandanın uğurları üçün tər töküm”.

Yarımmüdafiəçi Antalya toplanışındakı hazırlıqlar və yeni baş məşqçi Roman Qriqorçuk haqda da fikirlərini açıqlayıb: “Mövsümün ikinci yarısına hazırlaşmağımız üçün hər cür şərait yaradılıb. Türkiyənin ən yaxşı hotellərindən birində məskunlaşmışıq. Toplanışın ilk günlərində əsasən fiziki hazırlıqlara üstünlük verilib. Hər şey məşqçinin tərtib etdiyi proqram üzrə gedir. Bütün futbolçular da canla-başla çalışır. Əlimizdən gələni edirik ki, daha yaxşı formada olaq və “Qəbələ” uğurlu nəticələrlə layiq olduğu pillələrdə qərarlaşsın. Komandamızın çempionatı uğurla başa vurması üçün əlimizdən gələni edəcəyik. Hələ taktiki çalışmalara başlamadığımızdan baş məşqçimiz Roman Qriqorçukun hansı oyun sisteminə üstünlük verəcəyini deyə bilmərəm. O, futbolçularla yaxşı anlaşır, ünsiyyət qurur. Bir insan kimi yüksək keyfiyyətlərə malikdir. Hər gün iclas keçirib, bizimlə söhbət edir. Yəqin ki, yaxın günlərdə oyun planındakı düşüncələrini də bizimlə bölüşəcək”.

Təcrübəli futbolçularla yanaşı, baş məşqçi Roman Qriqorçuk toplanışa gənc futbolçuları da cəlb edib. 18 yaşlı yarımmüdafiəçi Qismət Alıyev klubun rəsmi saytına açıqlamasında böyük təcrübə qazanacağını bildirib. O, gənc və təcrübəsiz olduğundan, hansısa səhvlərin qaçılmazlığını vurğulayıb: "Bütün futbolçular kayeralarında bu mərhələni keçirlər və uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam".

Qeyd edək ki, "Qəbələ"nin qış təlim-məşq toplanışı yanvarın 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi