Yuxarı

​"Qəbələ" Belarus millisinin futbolçusu ilə müqavilə imzalayıb

Mixail Sivakov 6 ay müddətinə Azərbaycan klubunun şərəfini qoruyacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın “Qəbələ” futbol komandası Mixail Sivakovu heyətinə cəlb edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belarus milli komandasının yarımmüdafiəçisi ilə yarım illik müqavilə imzalanıb.

Minskin “Smena” klubunun yetirməsi olan Sivakov karyerası ərzində İtaliyanın “Kalyari”, “Pyaçentsa”, Polşanın “Visla”, Belçikanın “Zulte Varegem”, Belarusun BATE, “Qomel” və Ukraynanın “Çernomorets” komandalarında çıxış edib. Odessa təmsilçisində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış etmiş 27 yaşlı futbolçu 4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olub. O, vətənində ölkə kuboku və Superkuboku da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Qəbələ” Mixail Sivakovadək Rəşad Sadiqov, eləcə də ukraynalı Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi