"Qarabağ" və "Düdelanj" üçün statistika: Ağdamlılar Lüksemburqda tilsimi qıra bilərlər

"Qarabağ" və "Düdelanj" üçün statistika: Ağdamlılar Lüksemburqda tilsimi qıra bilərlər UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburq təmsilçisi “Düdelanj”la səfər oyunu üçün statistik məlumatları açıqlayıb.
Futbol
27 Sentyabr , 2019 13:00
Qarabağ və Düdelanj üçün statistika: Ağdamlılar Lüksemburqda tilsimi qıra bilərlər

UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburq təmsilçisi “Düdelanj”la səfər oyunu üçün statistik məlumatları açıqlayıb.

“Report” xəbər verir ki, ağdamlılar ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Əvvəlki qarşılaşmalar

Bu komandalar 3 mövsüm öncə Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb.

“Qarabağ” və “Düdelanj” indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.

Komandalar haqda faktlar

“Düdelanj”

Lüksemburq futbolunun flaqmanı ötən mövsüm ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. “Düdelanj” ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klub kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya “Betis”i ilə evdə qolsuz heç-heçə edib.

“Düdelanj” ötən mövsüm olduğu kimi, yenə ÇL-in I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Maltanın “Valetta” kollektivini keçə bilməyib. Ancaq bundan sonra Avropa Liqasında “Şkendiya” (Makedoniya), “Nymme Kalyu” (Estoniya) və “Ararat”ı (Ermənistan) üstələyərək, qrupa düşüb.

“Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.

“Qarabağ”

“Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. “Köhlən atlar” ikinci yeri tutan “Neftçi”ni 8 xal qabaqlayıb. Komanda ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi ötən mövsüm qrup mərhələsində 5 oyunda uduzub, yalnız “Vorskla”nı Ukraynada məğlub edə bilib (1:0).

“Qarabağ” cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzublar. Bu baxımdan Lüksemburqda tilsim qırıla bilər.

“Düdelanj” və “Qarabağ” ardıcıl ikinci mövsümdür ki, ölkələrinin avrokubokların əsas mərhələsində yeganə təmsilçiləridirlər.

“Düdelanj”ın qapıçısı Conatan Juber APOEL ilə səfər matçında 40 yaş 7 günlüyündə meydana çıxmaqala, turnirin tarixində 40-dan yuxarı yaşda buna nail olan 11-ci futbolçu oldu. Turnirin rekordu 2013/2014 mövsümündə Moldova “Şerif”i ilə matçda İngiltərə təmsilçisi “Tottenhem”in qapısını qoruyan Bred Firdelə məxsusdur – 42 yaş 173 gün.

Baş məşqçilər

Bertran Krasson qrup mərhələsinin startı ərəfəsində köməkçisi olduğu Emilio Ferreranın yerinə müvəqqəti baş məşqçi təyin olunub. Belçika yığmasında müdafiəçi kimi 26 oyun keçirən 47 yaşlı mütəxəssis DÇ-1998-in final mərhələsinin iştirakçısı olub. O, klub karyerası ərzində daha çox vətənində “Anderlext”in formasını geyinib. Həmçinin İtaliyada “Napoli”də çıxış edib.

Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 47 yaşlı mütəxəssis 11 ildir “Qarabağ”a rəhbərlik edir. O, bu müddətdə ardıcıl 6 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi