Yuxarı

Çempionlar Liqası: "Qarabağ" bu dəfə də üçüncü təsnifat mərhələsini adlaya bilmədi - FOTO - YENİLƏNİB

İlk oyunda səfərdə məğlub olmuş Qarabağ mübarizəni dayandırıb

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqası Üçüncü təsnifat mərhələsi cavab qarşılaşmasında Şotlandiya çempionu “Seltik”ə qalib qələ bilmədi.

İkinci hissədə daha sürətli oyun göstərən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar.

"Qarabağ"ın heyətində 52-ci dəqiqədə Rəşad Sadıxov, 56-cı dəqiqədə Əl-Jadeyaui hesab açmaq imkanını boşa veriblər.

Görüşün 62-cı dəqiqəsində Raydel Pupona qarşı kobudluğa görə "Seltik"in futbolçusu Stefan Yohansen sarı vərəqə ilə cəzalandırılırb.

64-cü dəqiqədə Qurban Qurbanov Raydel Puponun yerinə komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovu meydana çıxarıb. 73-cü dəqiqədə isə hücumların kəsərini artırmaq üçün baş məşqçi Əl-Jadeyauini Elvin Məmmədovla əvəzləyib. 82-ci dəqiqədə Bədəvi Hüseynov oyunda fərqlənmək imkanını qaçırıb. 84-cü dəqiqədə meydana çıxan yarımmüdafiəçi Cavid Tağıyev oyunun sonlarında sərbəst vuruşdan qol vurmaq imkanından istifadə edə bilməyib.

Təmsilçimizin bütün cəhdlərinə baxmayaraq Şotlandiya çempionuna oyunda qol vurmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə heç-heçə yekunlaşıb.

Beləliklə, ilk oyunda səfərdə məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.

*** 22.15

Bakı. 5 avqust. REPORT.AZ/ Ağdam komandasının hücumları şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb (0:0).

24–cü dəqiqədə Reynaldo, 29-cu dəqiqədə isə Riçard Almeyda fəqrlənmək imkanı əldə ediblər. Lakin onların zərbələrini rəqib komandanın qapıçısı çətinliklə də olsa dəf edib.

*** 21.30

Bakı. 5 avqust. REPORT.AZ/ Avqustun 5-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası Bakıda Şotlandiya çempionu “Seltik” kollektivini qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ”ın ilk on birliyində İbrahim Şehiç, Rəşad Sadıxov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana, Reynaldo və Raydel Pupon yer alıblar.

“Seltik”in isə start heyətində Kreyq Qordon, Emilio İzagire, Virgil van Diyk, Dedrik Boyata, Mikael Lustiq, Nir Biton, Skot Braun, Stuart Armstronq, Qari Meki Steven, Stefan Yohansen və Nadir Çiftçi meydana çıxıblar.

Qarşılaşmanı isveçli hakimlər briqadası idarə edir. Matçın referisi Martin Strömberqsondur. Ona həmyerliləri Daniel Qustavsson, Stefan Hallberq kömək edirlər. Yohan Hamlin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi finlandiyalı Peter Lundstrom, hakim-inspektoru isə lüksemburqlu Alan Hamerdir.

“Qarabağ” – “Seltik” matçını izləmək üçün stadiona çoxlu sayda azarkeş gəlib. Onlar əllərində klubun bayrağı ilə “Qarabağ” komandasını dəstəkləyirlər.

Qeyd edək ki, komandalar arasında Şotlandiyada keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesabla (0:1) məğlub olmuşdu.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırıb.

Foto: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi