Qarabağ qaziləri Gürcüstandakı futbol yarışında mübarizəni dayandırıblar

Qarabağ qaziləri Gürcüstandakı futbol yarışında mübarizəni dayandırıblar Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası Gürcüstanda amputant futbolçular arasında keçirilən yarışda mübarizəni dayandırıb.
Futbol
6 Avqust , 2019 12:43
Qarabağ qaziləri Gürcüstandakı futbol yarışında mübarizəni dayandırıblar

Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası Gürcüstanda amputant futbolçular arasında keçirilən yarışda mübarizəni dayandırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, komanda bu gün Tbilisidə yerləşən “İmedi” idman mərkəzinin meydançasında “Tbilisi” komandası ilə qarşılaşıb.

Oyun 3:1 hesabı ilə Tbilisi təmsilçilərinin qələbəsi ilə başa çatıb.

“Qarabağ” amputant futbol komandasının kapitanı Anar Məmmədov “Azərbaycan”ın Gürcüstanda keçirdiyi görüşlərini təqdirəlayiq adlandırıb: “Gürcüstanı təmsil edən komandalar daha təcrübəlidirlər. Komandamızın yeni yaranmasına baxmayaraq, futbolçularımız kifayət qədər güclü oyun nümayiş etdirdilər”.

Kapitan qeyd edib ki, Gürcüstanda keçirilən görüşlər növbəti oyunlar üçün hazırlıqdır: “Növbəti oyunlarda daha yaxşı göstəricilər əldə edərək Azərbaycanda amputant futbolun nəyə qadir olduğunu sübut edəcəyik”.

Qeyd edək ki, Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası ötən gün Gürcüstanda keçirilən yarışda iki oyun keçirib. Qorinin “Kartli” komandası ilə qarşılaşmada “Qarabağ qaziləri” 1:0 hesabı ilə qalib gəliblər. Zestafoninin “Marqveti” komandası ilə görüşdə isə “Qarabağ qaziləri” 3:0 hesabı ilə məğlub olublar.

Yeddi komandanın qatıldığı turniri Gürcüstanın Müdafiə Nazirliyi, Veteranlarla İş üzrə Dövlət Xidməti və Amputant Futbolçular Assosiasiyası birgə təşkil edib. İdman tədbiri Gürcüstan və Rusiya arasında 2008-ci il avqust müharibəsində şəhid olan gürcü əsgərlərin xatirəsinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi