Yuxarı

"Qarabağ" klubu daha bir legioneri ilə yollarını ayırdığını açıqlayıb

Emrah Çelikel: Yəqin ki, elə keçmiş komandasına qayıdacaq

Bakı. 22 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Klubun baş direktoru Emrah Çelikelin "Report"a verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Çumbinyo ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. 

E.Çelikel bu addımı "sambaçı"nın komandadan ayrılmaq istəyi ilə əlaqələndirib: "Çumbinyo təkliflərin olduğunu deyərək, getmək istədiyini bildirdi. Biz də hazırkı müqaviləsinin yayda başa çatacağını nəzərə alaraq, problem yaratmadıq. Artıq o, azad agent kimi istədiyi kluba keçə bilər. Yəqin ki, elə keçmiş komandasına qayıdacaq". 

Daha öncə "Qarabağ" Vladimir Dimitrovski və Raydell Puponla da yollarını ayırıb, Elton Yaqublu, Namiq Ələsgərov və Vüqar Mustafayevi isə icarəyə verib. 

Qeyd edək ki, Marinaldo Sisero da Silva Çumbinyo "Qarabağ"a 2013-cü ilin yayında Yunanıstan "Atromitos"undan keçib. O, ilk dəfə 2014-cü il sentyabrın 18-də Bakıda Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında zədələnərək, 13 ay müddətinə sıradan çıxıb. Çumbinyo ötən il oktyabrın 17-də "Zirə" ilə Azərbaycan Premyer Liqasının VIII tur matçında meydana qayıdıb. Amma "sambaçı" bundan cəmi 2 ay sonra - dekabrın 10-da Belçikada "Anderlext"lə görüşdə yenidən xəsarət alıb. 30 yaşlı yarımmüdafiəçi müalicəsi ilə Braziliyada məşğul olsa da, "Qarabağ"ın Türkiyənin Antalya bölgəsində keçirdiyi təlim-məşq toplanışında kollektiv məşqlərə qatılıb.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi