"Qarabağ"ın legioneri: "Həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindir"

"Qarabağ"ın legioneri: "Həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindir" Oyunun çətin olacağını bilirdik. Bizimlə müqayisədə rəqib daha təzə idi. 3 xal ilk pillədəki mövqeyimizi saxlamaq baxımından önəm kəsb edirdi. İstəyimizə nail ola bildik.
Futbol
28 Oktyabr , 2019 22:55
Qarabağın legioneri: Həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindir

"Oyunun çətin olacağını bilirdik. Bizimlə müqayisədə rəqib daha "təzə" idi. 3 xal ilk pillədəki mövqeyimizi saxlamaq baxımından önəm kəsb edirdi. İstəyimizə nail ola bildik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Miçel evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 

İspaniyalı yarımmüdafiəçi cəmi 4 gün əvvəl Kipr APOEL-i ilə elə Tofiq Bəhramov adına Respublika stadionunda 30 min tamaşaçı qarşısında oynadıqları halda, indi 300 azarkeş qarşısında çıxış etmələrinə belə münasibət bildirib: "Nə varsa, odur. Hər şey göz önündədir. İstənilən halda 30 min nəfər qarşısındakı eyni gərginlik, eyni təzyiq olmur. Amma həm 30 min, həm də 200-300 azarkeş qarşısında oynamaq çətindir. Hər biri fərqli matçlardır. Nə qədər çətin olsa da, özümüz-özümüzü konsentrasiya etməyə çalışırıq".

Təcrübəli oyunçu ilk yarıda nisbətən zəif təsir bağışlamalarının səbəbini də açıqlayıb: "Bəzən oyunun əvvəli yaxşı alınır, bəzən də oyuna istədiyin kimi başlaya bilmirsən. Hər 3-4 gündən bir oynamaq və bunun üçün motivasiya tapmaq o qədər də asan deyil. Düzdür, oyunun əvvəlində bizə bir az çətin oldu. Amma ikinci yarıda ardıcıl qol vəziyyətləri yaratmağa başladıq. İstənilən halda məqsədimiz üç xal qazanmaq idi. Stadionu məmmun tərk edirik. Çünki istəyimizə çatmışıq".

Miçel növbəti turda “Neftçi” ilə səfər matçının çətin keçəcəyini vurğulayıb: "Qarşıdakı oyunun da ağır alınacağını desəm, yəqin ki, yeni bir şey olmayacaq. Təbii ki, bizi daha bir çətin oyun gözləyir. Düzdür, “Neftçi” mövsümə yaxşı başlamamışdı. Amma bilirdik ki, istənilən halda baş qaldıraraq, bizə o təzyiqi yaradacaqlar. Dörd gün sonra “Neftçi”yə qarşı oynayacağıq. Sadəcə yaxşı dincəlməli və beynimizi təzələyib, həmin matça hazırlaşmalıyıq. Ümid edirəm ki, hamımızı maraqlı oyun gözləyir".

"Qarabağ"ın futbolçusu "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin noyabrın 1-də keçiriləcək oyun öncəsi at belində karikatura paylaşması ilə bağlı suala cavabında paylaşımdan xəbərsiz olduğunu bildirib: "Həmin paylaşımı görməmişəm. Kimin nə paylaşması elə də önəmli deyil. Biz əsasən öz oyunumuza köklənməliyik. Düşünürəm ki, indiyə qədər doğru yoldayıq, eyni qaydada davam etməli və hədəflərimizə doğru getməliyik".

Son xəbərlər

Orphus sistemi