Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın direktoru: "Hədəf Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir"

    Klubun məşqçilərindən biri Kopenhagenin Brondbü ilə səfərdə keçirəcəyi matçını izləməyə göndəriləcək

    Bakı. 5 avqust. REPORT.AZ/ "Çempionlar Liqasının "pley-off" mərhələsində asan rəqib yoxdur. "Kopenhagen" də belə komandalardandır. Amma biz də zəif deyilik".

    Bunu "Report"a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çelikəl deyib. Türkiyəli funksioner bildirib ki, hədəf Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Çelikəl bunun üçün əllərindən gələni edəcəklərini vurğulayıb. O, məşqçilər heyətinin Danimarka çempionlarının analizini apararaq, lazımi tədbirlər görəcəklərinə əminlik ifadə edib. Klub rəsmisinin sözlərinə görə, bu məqsədlə "Qarabağ"ın məşqçilərindən biri avqustun 6-da "Kopenhagen"in "Brondbü" ilə səfərdə keçirəcəyi Danimarka Super Liqası matçını izləməyə göndəriləcək.

    Eyni zamanda Çelikəl "pley-off"adək yeni transferlərin mümkünlüyünü istisna etməyib. "Qarabağ" rəsmisi hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib: "Həm əvvəllər gündəmimizdə olan, həm də yeni oyunçularla danışıqlar aparırıq. Alınsa, "pley-off"adək yeni transfer edə bilərik. O, hücumçu da ola bilər, ehtiyac duyulan digər mövqenin oyunçusu da".

    Direktor "Qarabağ"ın Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi" ilə səfər matçını təxirə salmaq üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcəklərini də əlavə edib.

    Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı avqustun 11-də "Bakcell Arena"da keçiriləcək. Azərbaycan təmsilçisi avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i qəbul edəcək. Cavab görüşü isə avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi