"Qarabağ" İslandiya milli komandasının qapıçısı ilə 2 illik müqavilə bağlayıb - YENİLƏNİB

"Qarabağ" İslandiya milli komandasının qapıçısı ilə 2 illik müqavilə bağlayıb - YENİLƏNİB Hannes Halldorsson: "İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır"
Futbol
4 İyul , 2018 11:22
Qarabağ İslandiya milli komandasının qapıçısı ilə 2 illik müqavilə bağlayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ 2018/2019-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” bu dəfə qapı xəttini gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İslandiya yığmasının qapıçısı Tor Hannsen Haldorssonla iki illik müqavilə bağlanılıb. Haldorsson hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub. O, tibbi müayinədən keçdikdən sonra rəsmi sözləşməyə qol çəkib.

Yeni transfer karyerasına 2009-cu ildə İslandiyanın “Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq, Danimarka “Randers”ində çıxış edib və bu klubda 69 matçda forma geyinib. 

Haldorsson 2012-ci ildən İslandiya milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. O, 2016-ci il Avropa çempionatının final mərhələsində komandasının keçirdiyi 5 oyunun hamısında "çərçivə"ni qoruyub. Hazırda Rusiyada davam edən dünya çempionatında isə təcrübəli qolkiper qrup mərhələsinin hər 3 oyununda meydanda olub. O, Argentina yığmasının kapitanı Lionel Messinin penalti zərbəsini dəf etməklə diqqət mərkəzinə düşüb.


*** 10:00

"Qarabağ" klubu Danimarka "Randers"indən İslandiya milli komandasının qapıçısı Hannes Halldorssonu transfer edib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin rəsmi saytı 34 yaşlı qolkiperin fotosunu paylaşsa da, sözləşmə müddəti və detallarını açıqlamayıb. Halldorsson "Randers"in rəsmi saytına açıqlamasında klubunu dəyişmə səbəbini belə izah edib: "Burada keçirdiyim dövrdən çox razıyam. "Randers"də və eyniadlı şəhərdə özümü yaxşı hiss edirdim. Randers gözəl şəhərdir və buradan ayrılmaq asan qərar olmadı. Lakin artıq 34 yaşım var. İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır. Klubuma və iki il ərzində birgə olduğumuz hər kəsə minnətdarlıq etmək istərdim. Ümidvaram ki, gələcəkdə "Randers" üçün hər şey daha yaxşı olacaq".

Qeyd edək ki, Hannes Halldorsson Rusiyadakı dünya çempionatında İslandiya millisinin heyətində Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etməklə, daha çox diqqət mərkəzinə düşüb.     

Son xəbərlər

Orphus sistemi