Yuxarı
    Bağlamaq

    "Qarabağ" daha bir cənubi afrikalı hücumçu transfer edə bilər

    Tokelo Ranti ilə danışıqlar aparılır

    Bakı. 2 may. REPORT.AZ/ "Qarabağ" klubu yay transfer dövründə heyətinə daha bir cənubi afrikalı hücumçu cəlb edə bilər. "Report"un "Soccer Laduma" nəşrinə istinadən verdiyi məlumata görə, bu, Tokelo Rantidir.

    Cənubi Afrika Respublikasının milli komandasının üzvü hazırda Türkiyə Super Liqasında "Gənclərbirliyi"nin formasını geyinir. 26 yaşlı forvard çempionatda 20 oyuna 1 qol vurub. Ölkə kubokunda isə Tokelo 3 dəfə fərqlənib.

    "Qarabağ" rəhbərliyi və futbolçu arasında danışıqların da olduğu bildirilir. Afrikalı hücumçu Çempionlar Liqasında çıxış edəcək komandaya keçməkdə maraqlı olsa da, onun "Gənclərbirliyi" ilə müqaviləsi daha bir il qüvvədədir. Bu səbəbdən, yekun sözü Ankara klubunun rəhbərliyi deyəcək.

    Qeyd edək ki, "Tiki" ləqəbli Tokelo Ranti driblinqləri ilə seçilən futbolçulardandır. O, Avropada 2011-ci ildən çıxış etməyə başlayıb. "Tokelo" İsveç "Malmö"sünün heyətində 32 oyuna 10 qol, İngiltərə "Bornmut"unda isə 44 oyuna 5 qol vurub. "Tiki" "Gənclərbirliyi"ndə 2016-cı il avqustun 26-dan forma geyinir. Hazırda "Qarabağ"da daha bir afrikalı hücumçu Dino Ndlovu da çıxış edir. Ndlovu bu mövsüm Azərbaycan Premyer Liqasında 10 qol vurub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi