Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra yekun statistik göstəriciləri açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayev 3 oyundan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb.
Onun üç oyun ərzində verdiyi 212 ötürmədən 195-i dəqiq olub. 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasında 92 faiz dəqiqliklə çıxış edir. Siyahıya isə İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesk Fabreqas başçılıq edir. İspaniyalı yarımmüdafiəçinin 283 ötürməsindən 262-si və ya 93 faizi dəqiq alınıb.
Avroliqada hələlik ən çox qolu İspaniyanın "Sevilya" komandası vurub. Əndəlüslülər üç turdan sonra rəqib qapılarından 12 top keçiriblər. Turnirin bombardiri 5 qolla Avstriya "Zaltsburq"unun futbolçusu Munas Dabburdur.
Turnirdə ən çox qayda pozuntusu törədən futbolçu isə Qazaxıstan "Astana"sının yarımmüdafiəçisi Pedro Enrikedir. "Qarabağ"ın sabiq üzvü üç oyunda 12 dəfə qaydanı pozub.