​“Bravo”, həyəcanlı baş məşqçi və Prosineçkinin qalib psixologiyalı yığması - REPORTAJ

​“Bravo”, həyəcanlı baş məşqçi və Prosineçkinin qalib psixologiyalı yığması - REPORTAJ "Report"un əməkdaşı Azərbaycanın 3 yığma komandasının Antalya toplanışından yazır
Futbol
2 Mart , 2015 12:42
​“Bravo”, həyəcanlı baş məşqçi və Prosineçkinin qalib psixologiyalı yığması - REPORTAJ

Bakı-Antalya-Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın futbol üzrə milli yığma komandaları Antaliyada növbəti toplanışlarını keçiriblər. Bu səfərin önəmi əvvəlkilərdən daha fərqli idi...

Fərqli idi ona görə ki, nə oyuna gedirdim, nə də Avropa və ya dünya çempionatına. Bu, Azərbaycanın 3 futbol yığmasının Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı ilə bağlı səfər idi.

Önəmli idi ona görə ki, millimizin yeni baş məşqçisi Robert Prosineçkinin, 21 yaşadək futbolçulardan ibarət yığmamızda eyni vəzifəyə yüksələn Yaşar Vahabzadənin rəhbərliyi altında ilk məşq və ilk oyunları izləyəcəkdim.

****

Yığma komandalarımız “Gloria Serenity Resort” hotelində, 21 yaşadək futbolçulardan ibarət yığmamız “Susesi”ndə, 16 yaşadək futbolçulardan ibarət millimiz isə “WOW Kremlin Palace”də qalırdı. AFFA bizdən kifayət qədər aralıda olan hotellərə və futbol meydanlarına vaxtında yetişməyimiz üçün xüsusi avtobuslar sifariş etmişdi. İlk baxışdan təlim-məşq toplanışının işıqlandırılması adi və maraqsız tədbir kimi görünə bilərdi. Amma o qədər sıx qrafiklə çalışdıq ki, şəhər gəzintisi və şoppinqə vaxt ayırmaq belə çətinlik törətdi. Əsas millinin 2 məşqi, baş məşqçi Robert Prosineçki ilə görüş, “Mardan” stadionunda Ukrayna “Şaxtyor”u ilə yoldaşlıq oyunu, U-21-in “Atırau” (Qazaxıstan) klubu və Qana yığması ilə, U-16 yığmasının İsveçrənin klubu və Belarus yığması ilə yoxlama matçında iştirak etdik.

***

Prosineçki ilə söhbətə başlamamışdan öncə iki məşqi izlədik. Elə Antalyaya çatdığımız günün ikinci yarısında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin də tamaşa etdiyi ilk məşqə futbolçular heç də tam tərkibdə qatılmamışdılar. Hələ səfər öncəsi qapıçı Səlahət Ağayevlə yarımmüdafiəçi Rəşad Sadiqov zədə ilə əlaqədar heyətdən çıxarılmışdı. İlk məşqi izləyərkən, məlum oldu ki, qapıçı Emil Balayev Frankfurtun “Aytntraxt” klubundan millimizə qoşulmaq üçün ayrılsa da, əlverişsiz hava şəraiti ilə əlaqədar düşərgəyə vaxtında qoşula bilməyib. Bu səbəbdən, yığmamız ilk məşqə cəmi bir qapıçı – Andrey Popoviçlə çıxmışdı. Maksim Medvedev isə zədə üzündən fərdi məşq edirdi. Sonradan Medvedevin milliyə kömək edə bilməyəcəyi və heyətdən çıxarıldığı məlum oldu. İki gün sonra baş tutan növbəti hazırlıq prosesində isə Rəşad Sadıqov fərdi məşqlə kifayətləndi. Xoşbəxtlikdən, onun zədəsi ciddi olmadı və hətta “Şaxtyor”la matçın start heyətinə də daxil edildi.

Təbii ki, hamını Prosineçkinin məşq və oyun fəlsəfəsi daha çox maraqlandırırdı. Xorvatiyalı mütəxəssis ilk baxışdan xeyli ciddi və zəhmli təsir bağışlayırdı. Məşqə çıxmamışdan öncə siqaret çəkməsi bu yaxınlarda onunla bağlı hələ futbolçu olduğu vaxt danışılan əhvalatın doğruluğunu hardasa təsdiqləyirdi. Prosineçki futbolçularla davranışda da ciddiliyini qoruyurdu. Bununla belə, oyunçuları ruhlandırmaq üçün işlətdiyi və xüsusi intonasiya ilə tələffüs etdiyi “Bravo” sözü az qala bir neçə km uzağadək yayılırdı. Bir neçə futbolçunun iştirakı ilə kombinasiyalı hücumlar qurdurur, futbolçulara təkcə topla deyil, topsuz rəftarı da öyrətməyə çalışır, standart vəziyyətlər üzərində işləyirdi. Standart vəziyyətlərə önəm verməsi təkcə hücumla bağlı deyildi. O, künc zərbələri zamanı necə müdafiə olunmağı, yəni, topun cərimə meydanından uzaqlaşdırılma üsullarını da praktiki göstərirdi.

***

Ertəsi gün baş məşqçi jurnalistlərlə görüşdü. Bu, mətbuat konfransından çox səmimi söhbətə bənzəyirdi. Prosineçki yığmadakı və ümumilikdə futbolumuzdakı problemlər, komandanın üstün və çatışmayan cəhətləri, çağırdığı və dəvət göndərmədiyi futbolçularla bağlı o qədər geniş danışdı ki, bir də gördük AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məşhur “Son sual” elanını səsləndirir. Tədbirlə bağlı geniş informasiya verilib, baş məşqçinin açıqlamaları dərc olunub. Buna görə görüşdən ətraflı bəhs etmək artıqdır. Amma Prosineçkinin fikirləri arasında daha çox futbolumuzdakı sol cinah oyunçusu problemi, topsuz hərəkət, meydanda boş zonalara açılmalarla bağlı çatışmazlıqlar, legionerlərimizin öz klublarında müntəzəm əsas heyətə düşməmələri diqqət çəkirdi. O, Berti Foqtsun dönəmində futbolçulara aşılanan məğlub psixologiyası və bunun timsalında müdafiəyə qapılaraq, çox top buraxmama fəlsəfəsini dəyişdirməyin nə qədər çətin olduğundan danışırdı. Razılaşmamaq olmurdu. Amma Azərbaycan Premyer Liqasının bombardiri Nurlan Novruzovu milliyə çağırmamasını “Mənim sistemimə uyğun deyil” sözləri ilə əsaslandırması ilə də razılaşmaq mümkün deyildi. Deyəsən, o da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov kimi ucaboylulara üstünlük verir. Başqa izahat vermək çətindir...

***

Təlimlərin bəhrəsini yığmamız döyüş meydanında – Ukrayna “Şaxtyor”u ilə oyunda göstərdi. Güclü rəqiblə qarşılaşmasına baxmayaraq, millimiz çəkinmədən vuruşdu, asanlıqla təslim olmadı. Donetsk komandası demək olar ki, əsas heyət üzvləri ilə meydana çıxmışdı. Onların qarşısında isə əksəriyyəti gənclərdən qurulmuş, Azərbaycan Premyer Liqasında top qovan yığma üzvləri idi. Coşqun Diniyev, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, qolun müəllifi Namiq Ələsgərov kimi futbolçular ilk dəfə idi ki, əsas millidə çıxış edirdilər. Açığı, futbolçuların oyuna arxasında nömrələri yazılan deyil, məşq formaları ilə çıxmaları onları tribunadan baxaraq, adbaad müəyyənləşdirməkdə çətinlik törədirdi. Bununla belə, kollektiv və nizamlı hücum yeni komandanı fərqləndirən xüsusiyyətlərdən idi. Amma ikinci hissədə ilk yarı ilə müqayisədə zəif çıxışın bir səbəbi heyətin demək olar ki, büsbütün dəyişdirilməsi ilə bağlı idisə, digər səbəbi komandamızın sonadək eyni tempdə mübarizə apara bilməməsindən qaynaqlanırdı. Hər halda yığmamızın “Şaxtyor”a qarşı oyunu ümidverici idi. Xüsusən, növbəti rəsmi oyunu martın 28-də Bakıda zəif rəqiblərdən sayılan Malta ilə keçirəcəyini nəzərə aldıqda, komandamızın qələbə qazanmağa qadir olduğunu söyləmək olar.

***

21 yaşadək futbolçulardan ibarət yığmamız da yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunlarını keçirdi. Amma fərq onda idi ki, Yaşar Vahabzadə bu təyinatadək Bernhard Lippertin köməkçisi kimi çalışmışdı. Bu səbəbdən, komandaya bələd idi. Lakin o, oyunlar zamanı çox həyəcanlı görünürdü. Futbolçularına həddən artıq tapşırıqlar verməsi, iradlar bildirməsi ilə rəqib həmkarlarından seçilirdi. Komandamız isə kobud oyuna meylli idi. Bu halı Təbriz Həsənovun rəhbərlik etdiyi 16 yaşadək futbolçulardan ibarət yığmamızda da müşayiət etmək olardı. Hər iki komandanın yoxlama görüşlərində klublardan üstün olduqları halda, müvafiq olaraq, Qana və Belarus yığmalarına uduzmalarına haqq qazandırmaq çətindir. Düzdür, rəqiblər sıradan deyildilər: Biri dünya çempionatlarında müntəzəm təmsil olunan ölkənin yığması, digəri isə 17 yaşadək futbolçulardan qurulmuş və Avropa çempionatının elit-raunduna yüksəlmiş komanda idi. Lakin unutmayaq ki, milli komandalarımız rəsmi oyunlarda klublarla deyil, yığmalarla qarşılaşacaq və nəyə qadir olması da məhz belə matçlarda üzə çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi