Yuxarı

"Sumqayıt"ın yeni transferi: "Təbrizdə "Qarabağ"ı çox sevirlər" - MÜSAHİBƏ

Peyman Babayinin müsahibəsi

Bakı. 22 yanvar. REPORT.AZ/ “Sumqayıt” klubunun İranın Təbriz şəhərini təmsil edən “Maşinsazi”dən icarəyə götürdüyü futbolçu Peyman Babayinin “Report”a müsahibəsi...

- “Sumqayıt”a keçidiniz necə alındı?

- Bura gəlişimdə bir neçə amil rol oynadı. Birincisi, ölkəmdən fərqli olaraq, Azərbaycan klublarının, o cümlədən “Sumqayıt”ın avrokuboklara çıxış imkanı var. Bu da özünü Avropaya göstərmək istəyən bütün futbolçular üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, təbrizli olduğum üçün dillə bağlı problemim yoxdur. Öz dilimdə - azərbaycanca danışıram və hər kəsi rahat başa düşürəm. İranda 3 komandada çıxış etmişəm və onların hamısı İranın Qərbi Azərbaycan vilayətini təmsil edirlər.

- Yəni, azərbaycanlı ailənin övladısınız?

- Bəli. Azərbaycanlı olmağımla da fəxr edirəm.

- “Sumqayıt”a icarə gəlməkdə məqsədiniz nədir?

- Bu kluba keçid karyeramda yeni səhifədir. İcarə müddətim 1,5 illik olsa da, özümü tanıtmaq istəyirəm. Bunun da yolu komanda yoldaşlarımla bir olub, avrokuboklara vəsiqə qazanmaqdır. Əsas məqsədim budur.

- “Sumqayıt”a “Maşinsazi”dən gəlsəniz də, Təbrizin daha məşhur klubu – “Traktorsazi”nin yetirməsisiniz...

- Elədir. Futbola “Traktorsazi”nin futbol məktəbində başlamışam. Pillə-pillə irəliləməklə, 6 il aşağı yaş qruplarında, 2 il isə əsas komandada çıxış etmişəm. Həmin vaxt 18 yaşım olduğu üçün çox oynamamışam, cəmi 6 görüşdə forma geyinmişəm. Toni Oliveyranın baş məşqçi olduğu dönəmdə ehtiyatda qaldığım üçün “Qostareş Fulad”a keçdim. Ordan isə “Maşınsazi”yə gəldim.

- Azərbaycan futbolu barədə hansı məlumatlara maliksiniz?

- “Qarabağ”ın Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarını görmüşəm. İngiltərə “Arsenal”ı ilə görüş zamanı Bakıda idim, həmin matçı Bakı Olimpiya Stadionunda izləmişəm. Həmçinin, “Neftçi”, “Sumqayıt”, “Qəbələ” kimi komandaların da matçlarına baxmışam. Təbrizdə “Qarabağ”ı çox sevirlər. Buradakı bütün komandaların da İranda tanınmasını istərdim.

- Artıq bir neçə gündür “Sumqayıt”ın düşərgəsindəsiniz. Yeni baş məşqçi və komanda yoldaşlarınızla bağlı təəssüratlarınız necədir?

- Hər şey çox gözəldir. Mehriban kollektivimiz, əla baş məşqçimiz var. Bura gələn gündən hər kəs mənə dəstək olur. Özümü evimdəki kimi hiss edirəm. Bu cür mühitdə özümü yaxşı tərəfdən göstərə biləcəyimə əminəm. Komandada məndən başqa da hücumçular var. Dostluq mühitində yaxşı rəqabət aparacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi