"Neftçi" klubu stadionda baş verən hadisə ilə bağlı bəyanat yayıb

"Neftçi" klubu stadionda baş verən hadisə ilə bağlı bəyanat yayıb Klub bu cür hadisələri pisləyib
Futbol
18 Avqust , 2015 15:57
Neftçi klubu stadionda baş verən hadisə ilə bağlı bəyanat yayıb

Bakı. 18 avqust. REPORT.AZ/ "Neftçi" futbol klubu Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə səfər qarşılaşmasından sonra azarkeşlərlə futbolçular arasında baş verən hadisələrlə bağlı bəyanat yayıb. "Report"un məlumatına görə, klub bu cür hadisələri pisləyib.

"Avqustun 17-də Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilmiş "İnter" - "Neftçi" matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürlərini bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti "Neftçi" üçün çox vacibdir. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olub və futbolçuların üstünə hücum çəkib.

Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməyib. Belə olan halda, "Neftçi"nin futbolçuları yalnız özlərini müdafiə etməyə çalışıblar. Həmin şəxs "İnter"in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə edib və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədib.

"Neftçi" olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq.

"Neftçi" azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidir. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. "Neftçi" ailəsinin 12-ci üzvü azarkeşlərdir. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq", - bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi