Mirabdulla Abbasov: "3-cü yeri tutmaq üçün mübarizə aparacaq"

Mirabdulla Abbasov: "3-cü yeri tutmaq üçün mübarizə aparacaq" "Ümidvaram ki, bürünc medalçı ola biləcəyik"
Futbol
15 Mart , 2018 02:42
Mirabdulla Abbasov: 3-cü yeri tutmaq üçün mübarizə aparacaq

Bakı. 15 mart. REPORT.AZ/ "Düşünürəm ki, hər iki hissədə yaxşı oynadıq. Fasilədə bizə hər hansı bir tapşırıq verilmədi. Necə oynayırdıqsa, elə də davam etməyimizi tapşırdılar".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov evdə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XX tur matçından sonra deyib. 23 yaşlı hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Hava şəraiti oyuna nə dərəcədə təsir göstərdi?

- Hava şəraiti yaxşı idi. Fikrimcə, futbola uyğun idi.

Klubunuza yeni prezident təyin olunub. Sənə də yaxın olan bir insandır. Birgə çalışmısınız. "Neftçi"nin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Özümü rahat hiss edirəm. Yeni klub prezidenti Kamran Quliyevi tanıyıram, yaxşı münasibətlərimiz var. Onun gəlişindən sonra, göründüyü kimi, "Neftçi" daha yaxşı oynayır.

"Zirə"nin xal itirməsindən sonra 3-cü yer şanslarınızı necə dəyərləndirirsiniz?

- 3-cü yeri tutmaq üçün bütün şanslar var. Biz də bunun üçün mübarizə aparacaq, xallar toplamağa çalışacağıq. Ümidvaram ki, bürünc medalçı ola biləcəyik. Bu, realdır.

Amma çoxları düşünür ki, diqqətinizi daha çox Azərbaycan Kubokuna yönəldəcəksiniz?

- Xeyr, biz iki cəbhədə mübarizə aparacağıq. Yalnız kubok və ya çempionat barədə düşünmək peşəkarlıqdan kənar olar.

Fiziki durumun 90 dəqiqə oynamağa imkan verir?

- Fikrimcə, bəli. Bunu bacaracaq gücdəyəm. Fiziki durum oyundan-oyuna daha da yaxşılaşır. Hansısa anlarda problem ola bilər. Amma 90 dəqiqə oynamağa qadirəm.

Amma daha çox oyuna sonradan daxil olduqda vacib qollar vurursan...

- Bu, futbol bəxtidir. Elə oyunlar olub ki, əsas heyətdə meydana çıxaraq qollar vurmuşam. Ona görə də bu statistikanın düzgün olduğunu düşünmürəm.

Qış fasiləsində heyətə cəlb olunan legioner hücumçular barədə nə fikirdəsən?

- Fikrimcə, yaxşı futbolçulardır. Oyunlarını daha da yaxşılaşdırıblar. Komandaya əllərindən gələn köməyi edirlər.

Hazırkı məqamda milliyə çağırılmağın nə dərəcədə realdır?

- Millidə oynamaqdan çox məmnun olardım. Çağırsalar, xeyli sevinərəm. Hazırda özümü buna hazır sayıram.

Son xəbərlər

Orphus sistemi