Yuxarı

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə yeni toxum səpilib - FOTO

Səmayə Məmmədova: Arena Qarabağın Avropa Liqasındakı növbəti ev oyununadək tam hazır olacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bir müddətdir ot örtüyü bərbad vəziyyətə düşən Tofiq Bəhramov adına Respublika Stadionu yenidən qapılarını futbolsevərlərin üzünə açmağa hazırlaşır. 

"Report"un məlumatına görə, sonuncu dəfə avqustun 25-də Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və İsveçin "Göteborq" komandalarının oyununa ev sahibliyi etmiş mərkəzi arenanın meydanına yeni toxum səpilib. Təxminən bir aydan sonra burada oyun keçirmək mümkün olacaq. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "Report"a açıqlamasında bildirib ki, oktyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la Yunanıstan PAOK-u arasında III tur matçı mərkəzi arenada keçiriləcək: "Hazırda ot örtüyündə problem yoxdur. Etiraf etmək lazımdır ki, kəskin istilər səbəbindən avqustda problem yarandı. Stadionun kollektivi və "Qarabağ" klubunun rəhbərliyi ilə birgə ot örtüyünün sıradan çıxmaması üçün işlər aparıldı. Vaxtında qabaqlayıcı tədbirlər görüldü və nəticədə vəziyyət müsbətə doğru dəyişməyə başladı. Oktyabrın 20-də "Qarabağ" ev oyununu bu stadionda keçirəcək. Demək olar ki, ot örtüyü oyuna hazırdır".

Nazirlik rəsmisi bildirib ki, Qəbələ şəhər stadionunun ot örtüyünə qulluq edən Fil Şarples hazırda mərkəzi arenada da fəaliyyət göstərir. Üstəlik S.Məmmədova mütəxəssisin işlə bağlı zəmanət verdiyini də söyləyib: "İngilis mütəxəssis F.Şarples ot örütüyünü nəzarətdə saxlayır. Onun bizə verdiyi zəmanatə görə, bundan sonra ot örtüyündə problem yaranmayacaq".

Qeyd edək ki, stadionun ot örtüyü son iki ildə 3-cü dəfə təmir olunur.

Foto: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi