Mahir Şükürov: "Qələbədən başqa nəticə qəbul edilməyəcək"

Mahir Şükürov: "Qələbədən başqa nəticə qəbul edilməyəcək" Azərbaycan milli komandasının müdafiəçisi Malta ilə oyun haqda danışıb
Futbol
25 Mart , 2015 18:57
Mahir Şükürov: Qələbədən başqa nəticə qəbul edilməyəcək

Bakı. 25 mart. REPORT.AZ/ "Bizi Malta yığması ilə çətin oyun gözləyir. Komandada ab-hava yaxşıdır. Var gücümüzlə bu oyuna hazırlaşırıq".

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov jurnalistlərə açıqlamasında deyib.

Yığma komandanın bu gün baş tutan açıq məşqindən öncə brifinq keçirən müdafiəçi baş məşqçi Robert Prosineçki haqda fikirlərini bildirib. O, xorvatiyalı mütəxəssisin komandada təzə olduğunu və futbolçuların baş məşqçidən nəsə öyrənmək istədiklərini söyləyib. Ev oyununda qalib gəlməyin əhəmiyyətindən danışan Şükürov, bundan sonra digər oyunlar haqda fikirləşəcəklərini vurğulayıb:

"Maltanı evdə yenmək olar. Ancaq bu futboldur və sürprizlər olur. Əgər rəqibi saymayıb meydana çıxsaq, xal itirə bilərik. Bu səbəbdən rəqibə ciddi yanaşmaq lazımdır. Çıxıb öz oyunumuz oynasaq, 3 xal qazanmaq mümkün olacaq".

Futbolun sürprizlərlə dolu olduğunu bildirən 33 yaşlı futbolçu qələbədən başqa heç bir nəticəni qəbul etməyəcəklərini bildirib və azarkeşləri yenidən stadiona qaytarmaq istədiklərindən söz açıb. Onun sözlərinə görə, buna ancaq qələbə ilə nail olmaq olar.

Baş məşqçi Robert Prosineçkinin hücumameylli futbola üstünlük verdiyini vurğulayan Şükürov, Malta yığması haqqında ətraflı məlumat alacaqlarını qeyd edib: "Bu gün onlar Gürcüstan yığması ilə oynayırlar. Sabah isə baş məşqçi rəqib haqda ətraflı məlumat verəcək. Yoldaşlıq görüşündə onları udmuşduq (3:0). Ancaq həmin oyundan xeyli vaxt keçib və çox şey dəyişib".

O, öz sağlamlığı ilə bağlı da danışıb. Təcrübəli müdafiəçi bir müddət dizində bir az ağrının olduğunu, indi isə vəziyyətinin yaxşı olmasını bildirib: "Baş məşqçi məsləhət görsə, çıxıb oynayacağam".

Son xəbərlər

Orphus sistemi