Yuxarı

​Mahir Şükürov: "Azərbaycandan Türkiyə çempionatına futbolçu axını ola bilər" - MÜSAHİBƏ

Qəbələnin bu mövsümkü kimi zəif oyununu görməmişdim

Bakı. 10 may. REPORT.AZ/ Türkiyənin "Karşıyaka" klubunun futbolçusu, Azərbaycan milli komandasının sabiq üzvü Mahir Şükürovun "Report"a müsahibəsi:

- Səni cüdo yarışında görməyimiz gözlənilməz oldu. Digər idman növləri ilə maraqlanırsan: Olimpiadaya qazanılan lisenziyalardan xəbərin var?

- Bəli, maraqlanıram. Amma açığı, dəqiq saydan xəbərim yoxdur. Bilirəm ki, xeyli idmançımız lisenziya qazanıb. Sadəcə, konkret adları bilmirəm.

- Yaxında cüdoçumuz Avropa çempionu oldu. Tanımırsan onu?

- Vallah, adı yadımdan çıxıb.

- Belə çıxır ki, bu ölkədə futbolçuları daha çox tanıyırlar, nəinki digər idmançıları...

- Futbol həmişə idmanda "1 nömrə" olduğundan belə olub.

- Bəs futbolumuzun hazırkı durumundan xəbərin var?

- Açığı, hazırda yox. Ona görə bir söz deyə bilmərəm. Sonuncu dəfə cüdo üzrə "Böyük dəbilqə" turnirini izlədim. Bu idman növü ilə maraqlanıram.

- Ancaq cüdoda da Avropa çempionunun adını bilmədin...

- Düzdür, bilmirəm, amma yavaş-yavaş öyrənəcəyəm.

- Premyer Liqada çempionun kimliyindən xəbərin oldu?

- Beş-altı tur əvvəldən çempionun "Qarabağ" olacağı bilinirdi. Çünki hazırda "Qarabağ"la rəqabət apara biləcək komanda yoxdur.

- Bəs hansı komandanın çıxışı səni müsbət və ya mənfi mənada təəccübləndirdi?

- "Kəpəz"in büdcəsi az, maddi sıxıntısı olmasına baxmayaraq Avropa Liqasına vəsiqəyə namizəd olduğunu görürəm. Artıq avrokuboklara vəsiqə qazanıbar. Eləcə də AZAL: futbolçuları əziyyət çəkirlər, nəticə qazanırlar. Bizim çempionatda belə hal olmamışdı ki, futbolçular belə az maaş alsınlar, belə çətin şəraitdə avrokuboklara vəsiqə verən yerdə olsunlar. Məni ən çox təəccüblədnirən bu 2 komandadır.

- Bəs sənə belə az maaş təklif olunsaydı, gəlib oynayardın?

- Mən elə ona görə oynamıram da.

- Belə çıxır ki, pula görə oynamırsan?

- Bəli.

- Bunu necə qəbul edirsən: səncə, bu, yaxşı haldır?

- Mənim öz adım-sanım var. Mən Mahir Şükürovam. Həmişə üst səviyyədə olmuşam deyə həmişə də yuxarı maaş almaq istəyərəm. Ancaq elə yerdə oynamaram.

- Ancaq üst səviyədə oynaya biləcəyin çempionat Türkiyə idi ki, orada da çıxış edə bilmədin...

- Yox, niyə ki? Oynaya bildim. "Karşıyaka"dakı oyunlarıma baxa bilərsiniz, hamısında yüksək səviyyədə çıxış etmişəm. Hər futbolçu mənim kimi orada oynaya bilməyib. Sadəcə, 7 ay maaşımı vermədilər. Məndə incik vəziyyətdə etirazımı bildirdim, məşqlərə getmədim. Klubla heç bir problemim olmayıb.

- Ancaq sonra da özünə klub tapa bilmədin...

- Mənim "Karşıyaka" ilə 2 illik - "1+1" şərtilə müqaviləm, pul problemim var. Ona görə söhbətimiz qalıb.

- Yəni, klubunu dəyişsən, pulunu verməyəcəklər...

- Ay sağ ol. Ona görə də klubumu dəyişmədim ki, pulumun hamısını alım.

- Nə vaxta kimi gözləyəcəksən?

- Mayın sonunda müqaviləm bitir. Pul işimi həll edəndən sonra digər klublarla danışıqlar aparacağam. Mən orada sırf pulumu itirməməyə görə heç bir klubla müqavilə bağlamadım.

- Pulun ödənişi ilə bağlı nə deyirlər?

- Mənim vəkilim var, bu işlərlə o məşğul olur.

- Türkdür, yoxsa?

- Türkdür, amma, adını açıqlaya bilmərəm. Məsələ tam həll olunanda özünüz də görəcəksiniz. "Karşıyaka"nın rəsmi saytına hansı futbolçuların pullarını verdiklərini yazacaqlar. Mayın sonuna, iyuna bu məsələ həll olunacaq.

- FİFA-ya şikayət etmisiniz, yoxsa məsələni Türkiyə daxilində həll etmək istəyirsiniz?

- FİFA-ya da, Türkiyə Futbol Federasiyasına da şikayət olunub. Qərarı gözləyirik.

- Yəni, kluba cəza veriləcək...

- FİFA-dan sənəd gəlməlidir ki, Mahir Şükürovun pulunu verməlisiniz.

- Məbləğ təxminən nə qədərdir?

- Açıqlaya bilmərəm, ancaq məbləğ çoxdur.

- Kamran Ağayev "Karşıyaka"da ona verilməli olan puldan imtina etdi, gəlib Azərbaycanda oynadı. Bəs sən niyə eyni varianta əl atmadın? Bu variant səndə də mümkün idi?

- Məndə də bu variant mümkün idi. Ancaq mənim öz prinsiplərim var. Hərənin öz baxışı var. Mən imtina etmək istəmirəm. Futbolu belə qurtararam. Kamran Ağayev və başqa futbolçulara hörmətlə yanaşıram, ancaq hərənin öz fikri var. Mən bu yolu seçdim.

- Yeni klub axtarışına çıxmısan? Təklif varmı?

- Açığı, dekabrda təkliflər vardı. Ancaq puluma görə heç bir klubla müqavilə bağlamadım. Vəkilim mənə dedi ki, bunu etsən, hazırkı mövsümün də puluna ala bilərik. Çünki müqaviləm "1+1" illikdir. Ona görə də gözləməli oldum.

- Təkliflər hansı klubdan, hansı ölkədən idi?

- Yalandan durub deyə bilmərəm ki, filan ölkədən təklif var. Ancaq təkliflər olub.

- Yalandan niyə ki...

- Klubun adını açıqlaya bilmərəm.

- Onda heç olmasa ölkəni açıqlayardın...

- Maydan sonra açıqlayacağam. Biz oynayanda Türkiyədə legioner sayılmırdıq. Sonra qərar çıxarıldı ki, azərbaycanlılar da legioner olsunlar. Ona görə problem oldu. Getmək istədiyim klubda legioner limiti dolduğundan, məndə çətinlik yarandı. Növbəti mövsüm Super Liqada olduğu kimi, I Liqada da 11 legioner oynada bilərsən. Onda asan olacaq.

- Hətta Azərbaycandan xeyli axın ola bilər...

- Əlbəttə. Ancaq əvvəl belə deyildi. Klublarda legioner limiti dolmuşdu, əcnəbi futbolçunun müqaviləsi vardı. Gərək pulunu verib çıxartsınlar. Özü də legionerlərlə UEFA müqavilələri imzalanıb. 11 legionerlə bağlı qərar çıxandan sonra bizə asan olacaq.

- Keçmiş komandaların "Neftçi" ilə "Qəbələ"nin hazırkı durumları ilə bağlı nə deyə bilərsən?

- "Qəbələ"nin bu mövsümkü kimi zəif oyununu görməmişdim. Bayaq AZAL-ın adını ona görə çəkdim ki, orada 500-700 dollara oynayan futbolçular nəticə verirlər. Aylıq maağı 20-30 min olan futbolçulardan heç də zəif oynamırlar. Görürəm ki, baş məşqçi Tərlan Əhmədov düzgün iş aparıb, komandanı psixoloji cəhətdən hazırlayıb. O pulu buraxmaqdansa, az büdcə ilə azərbaycanlı futbolçuları "Qəbələ"də oynatmaq olar. Bununla da öz futbolçularımızı yetişdirə bilərsən. Azərbaycan çempionatı 2 il əvvələ baxanda heç də güclü səviyyədə deyil. Azərbaycanlı futbolçularla Azərbaycan çempionatında fırlanmaq mümkündür. Belə demək olar. Çempionarın səviyyəsi çox aşağı düşüb. Məsələn, "Simurq"un, "İnter"in, "Qəbələ"nin, "Neftçi"nin güclü olan vaxtlarında "Zirə" Premyer Liqada baş çıxara bilməzdi. O vaxt 7-8 iddilalı komanda olanda "Zirə" 2-ci yeri tuta bilərdi? Yox. Heç 11-ci yerə yaxın dura bilməzdi. Real danışmaq lazımdır.

- "Neftçi"nin finala çıxması nəyin göstəricisidir?

- Komanda Qəbələ səfərində döyüşdü. Ona 1 qol vurmaq lazım idi. Vurdu, şansından istifadə etdi. Ancaq finalda rəqib "Qarabağ"dır, çox çətin olacaq. "Qarabağ" - "Neftçi" oyunları həmişə prinsipial olub. 

- "Neftçi" avrokuboklara çıxsa, ən azı 4 il əvvəlki uğuru təkrarlaya, sizin vaxtınızda olduğu kimi Avropa Liqasının qrupuna düşə biləcəkmi?

- Mən inanmıram. Çünki heyət çox zəifləyib. "Neftçi"ni heç vaxt 6-7-ci yerlərdə görmək istəməzdim. Avropa Liqasına vəsiqə qazansalar, gərək heyətin yarısını dəyişsinlər. Çünki Avropa Liqası başqa yarışdır.

- Gərək onda futbolçulara sənin tələb etdiyim məbləğdə pul verilsin...

- Klubun meneceri yaxşı futbolçular axtarmalıdır. Elə yaxşı futbolçular var ki, 10, 15, 20 minə də gəlib oynayarlar. Məgər Dodo, Flavinyo neçəyə gəlmişdilər? Gəldilər, özlərini göstərdilər. Bundan sonra dedilər ki, bu məbləği istəyirik. İstənilən xarici futbolçu belədir. Görəndə klubda pul var, tələbini irəli sürür.

- "Qarabağ" legionerlərini saxlaya biləcəkmi?

- Bəli, onun heyəti genişdir, büdcəsi var. "Qarabağ" özəl şirkətin klubudur. Ancaq legionerlərin özlərindən çox şey asılıdır. Bəlkə elə təklif gəldi ki, özləri də qalmaq istəmədilər. Məsələn, Leroy Corca təklif gəldi, dərhal getdi "Göztəpə"yə.

- Ancaq heç nə alınmadı. Nə onda, nə də Muaremdə. Sanki "Qarabağ"dan gedənlərin işləri düz gətirmir...

- Türkiyə çempionatında hər futbolçu baş çıxara bilmir. Robin Van Persi kimi futbolçu "Fənərbağça"da "Mançester Yunayted"dəki tək oynaya bilmir. Ağır çempionatdır. Üstəlilk, jurnalistləri futbolçunun üzərinə çox gedirlər, təzyiq edirlər. Deyirlər ki, bu qədər pul verirsiniz, ancaq yaxşı oynamırlar. Bu da futbolçuya psixoloji təsir göstərir.

- Belə çıxır ki, Azərbaycanda oynamaq fikrin yoxdur...

- Bəli. Alınsa, gedib xaricdə oynayacağam. Alınmazsa, futbolla vidalaşacağam. Oynadığımı oynamışam. Daha bəsdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi