Yuxarı
    Bağlamaq

    Kriştianu Ronaldu bir neçə rekorda imza atıb

    Real Madridin futbolçusu karyerasında 500-cü qolu vurub

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Portuqaliya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında 500-cü qol səddini keçib. "Report"un məlumatına görə, 30 yaşlı hücumçu yubiley qolunu İsveçdə "Malmö" ilə Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında vurub.

    Ronaldu 29-cu dəqiqədə fərqlənib. O, 90-cı dəqiqədə daha bir qola imza ataraq, "kral klubu"nun qələbəsini təmin edib - 2:0. Bununla da "Real Madrid"dəki qollarını 324-ə çatdıran təcrübəli forvard əfsanəvi Raulu da geridə qoyaraq, klub tarixinin ən yaxşı bombardirinə çevrilib. Daha 118 qol isə futbolçunun İngiltərə "Mançester Yunayted"ində çıxış etdiyi vaxt qeydə alınıb. Artıq 500-cü qolu münasibətilə "qırmızı şeytanlar"ın rəsmi saytı vasitəsilə ona təbrik ünvanlanıb.

    "Malmö" ilə görüşdə Ronaldu həm də Çempionlar Liqasının qrup mərhələsindəki "dubl" sayında birinci yerə yüksəlib. 22-ci "dubl"una imza atan portuqaliyalı ulduz bu göstəricidə Argentina millisinin və İspaniya "Barselona"sının hücumçusu Lionel Messini keçib.

    Qeyd edək ki, "Real Madrid" "Malmö" ilə qarşılaşmada qrupda ardıcıl ikinci qələbəyə imza atıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi